Gələn ay Azərbaycana ilk alıcı missiyası təşkil olunacaq

2019.09.12 18:22 (UTC+04:00)

“Caspian Event Organisers” şirkətinin təşəbbüsü və Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AzPROMO) dəstəyi ilə 22-25 oktyabr tarixində paytaxtımızda keçiriləcək 25-ci Azərbaycan Beynəlxalq İnşaat Sərgisi (“BakuBuild 2019”) çərçivəsində ilk dəfə olaraq Azərbaycan ərazisinə alıcı missiyası təşkil olunacaq. Missiyanın təşkili sərgidə nümayiş etdirilən məhsullara maraq göstərən Gürcüstan, İran, Rusiya, Özbəkistan və digər ölkələrdən olan potensial müştərilər üçün maksimum səmərəli və rahat iş şəraitinin yaradılması məqsədi daşıyır.

AzPROMO-nun rəhbəri vəzifəsini icra edən Yusif Abdullayevin "APA-Economics”ə verdiyi məlumata görə, “Azərbaycan ərazisinə alıcı missiyalarının təşkili” mexanizmi ölkə Prezidenti İlham Əliyevin 2016-cı ilin 5 oktyabr tarixli fərmanı ilə təsdiq edilmiş 10 fərqli mexanizm-dəstək tədbirindən biridir. Sözügedən mexanizm “Made in Azerbaijan” brendi ilə istehsal olunan məhsulların rəqabət qabiliyyətini artıracaq, yerli məhsulların ixracının genişləndirilməsi, eləcə də qeyri-neft istehsalının stimullaşdırılmasında mühüm rol oynayacaq.