ƏDV ödəyicisi olan şirkət icarəyə torpaq götürüb, tikinti şirkəti ilə müqavilə əsasında ofis tikintisini həyata keçirir. İşlərin həyata keçirilməsi zamanı ödənişlər müqavilə əsasında avans şəklində ödənilir və kapital qoyuluşu hesabında qeyd olunur. Obyektin tikintisi 2020-ci ildə planlaşdırılır, müvafiq təhvil-təslim sənədləri veriləndən sonra əsas vəsaitlər hesabına köçürüləcək. Belə olan halda tikintiyə ödənilən vəsait şirkətin sərbəst mənfəətindən çıxılmalıdırmı, yoxsa yalnız amortizasiya xərcləri mənfəətə təsir göstərəcək?
Vergilər Nazirliyinin bu məsələ ilə bağlı şərhində bildirilib ki, əsas vəsaitlərin tikintisini podrat üsulu ilə həyata keçirərkən ödənilən məbləğlər kapital qoyuluşu hesabına aid edilməklə aktivlərin dəyərini formalaşdırır. Təhvil verilən aktivlər “Təhvil-qəbul aktı” və elektron qaimə-faktura əsasında balansa mədaxil edilir və aktivlərə çəkilmiş xərclər yalnız amortizasiya ayırması şəklində gəlirdən çıxılır. Aktivlərin tikilməsi prosesində çəkilən kapital xarakterli xərclər bəyannamənin Əlavəsində “kapitallaşdırma üçün aktivlər” 1.8-ci sətrində əks olunur. Aktivlər təhvil verildikdə isə təhvil verilən aktivin dəyəri əsas vəsaitlər sətrinə mədaxil edilməklə əks olunur.
Vergi Məcəlləsinin 13.2.17-ci maddəsinə əsasən, Məcəllənin 114-cü maddəsinə uyğun olaraq istifadə müddəti bir ildən və dəyəri 500 manatdan çox olan əsas vəsaitlər amortizasiya edilməli olan maddi aktivlərdir.
Vergi Məcəlləsinin 109.1-ci maddəsinə əsasən, əsas vəsaitlərin alınmasına və qurulmasına çəkilən xərclərin və bu Məcəllənin 143-cü maddəsinə uyğun olaraq kapital xarakterli digər xərclərin gəlirdən çıxılmasına yol verilmir.
Vergi Məcəlləsinin 114.1-ci maddəsinə əsasən, bu Məcəllənin 99-cu maddəsində müəyyən edilmiş sahibkarlıq və qeyri-sahibkarlıq fəaliyyətində istifadə edilən əsas vəsaitlər üzrə amortizasiya ayırmaları bu maddənin müddəalarına uyğun olaraq gəlirdən çıxılır.
Qeyd olunanlara əsasən, müəssisə tərəfindən sahibkarlıq fəaliyyətində istifadə edilən əsas vəsaitlərin alınmasına və qurulmasına çəkilən xərclər amortizasiya ayırmaları şəklində gəlirdən çıxılır.
Bunlarla yanaşı, sorğuda göstərilən əməliyyatlar üzrə müxabirləşmələrin aparılması ilə bağlı aidiyyəti üzrə Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə müraciət oluna bilər.