AZƏRTAC xəbər verir ki, Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov və məktəbin direktoru Səidə Məmmədova görülən işlərlə bağlı dövlətimizin başçısına ətraflı məlumat veriblər. Bildirilib ki, Bakı və ətraf qəsəbələrin sosial-iqtisadi inkişafı Dövlət Proqramına əsasən, bu ilin may ayında təhsil ocağının 1937-ci ildə istifadəyə verilən binası sökülərək yerində 360 yerlik 15 sinif otağından ibarət əlavə korpusunun tikintisinə başlanıb. İnşaat işləri yüksək səviyyədə həyata keçirilib. Bundan sonra məktəbdə birnövbəli sistemdə 985 şagird təhsil alacaq. Şagirdlərin təlim-tərbiyəsi ilə 62 müəllim məşğul olur. Məktəbdə 35 sinif otağı, informatika kabineti, laboratoriya, idman və akt zalları, hərbi otaq və yeməkxana var. Şagirdlərin yüksək səviyyədə təhsil almaları üçün sinif otaqları zəruri dərs vəsaitləri ilə təchiz edilib. Məktəbdə internet, mebel-inventar və digər zəruri avadanlıqlar müasir tələblər səviyyəsindədir.
Məlumat verilib ki, məktəbin şagird və məzunları müxtəlif beynəlxalq bilik və idman yarışlarında, olimpiadalarda mühüm uğurlara imza atıblar. Bu təhsil ocağının məzunları ali məktəbə qəbul imtahanlarında yüksək nəticələri ilə seçilirlər. 2019-cu ilin statistikasına görə, məktəbi bitirən məzunların 80 faizi tələbə adını qazanıb.
Sonra dövlətimizin başçısı məktəbin direktoru Səidə Məmmədova ilə söhbət etdi.