OPEC+ ölkələrinin birgə addımları dünya neft bazarına müsbət təsir göstərir

2019.09.12 14:15 (UTC+04:00)

Rusiyanın energetika naziri Aleksandr Novak saziş üzrə Nazirlərin Monitorinq Komitəsinin (JMMC) iclasında çıxışı zamanı bildirib ki, OPEC+ ölkələrinin birgə atdığı addımlar dünya neft bazarına müsbət təsir göstərməkdə davam edir: "Əsas məsələ bütün ölkələrin OPEC+ sövdələşməsi üzrə üzərinə götürdükləri öhdəlikləri yerinə yetirməyə sadiq qalmasıdır".

A.Novak həmçinin diqqətə çatdırıb ki, Səudiyyə Ərəbistanının yeni energetika naziri Əbdül Əziz bin Salman əl-Səudun geniş sahə və həyat təcrübəsi OPEC+ üzvü olan ölkələrin qlobal neft bazarını sabitləşdirmək üçün əldə etdikləri nəticələri daha da yaxşılaşdırmağa imkan verəcək.
Qeyd edək ki, JMMC Əbu-Dabidə keçirilən iclasda neft hasilatının məhdudlaşdırılması ilə bağlı sazişin həyata keçirilməsi və bazardakı vəziyyət müzakirə edilir. Komitəyə Venesuela, Küveyt, Əlcəzair, Oman, Rusiya, Səudiyyə Ərəbistanın nümayəndələri daxildir.