Bakı Ekspo Mərkəzində keçirilən, regionun inşaat sektorunun aparıcı sənaye platformalarından olan 31-ci Xəzər İnşaat Həftəsi (“Caspian Construction Week”) çərçivəsində təşkil edilən “Rebuild Garabagh 2026” sərgisində İqtisadiyyat Nazirliyinin tabeliyində İqtisadi Zonaların İnkişafı Agentliyi (İZİA) sənaye zonalarının rezidentləri ilə birgə vahid stendlə təmsil olunur.
Agentliyin məlumatına görə, sərgi çərçivəsində ziyarətçilərə İZİA-nın fəaliyyəti, sənaye zonalarında sahibkarlar üçün yaradılmış əlverişli biznes şəraiti, tətbiq olunan güzəşt və təşviq mexanizmləri, eləcə də rezidentlərin həyata keçirdiyi layihələr və istehsal imkanları barədə ətraflı məlumat verilir.
Vahid stenddə sənaye zonalarında istehsal olunan məhsullar və yerli sənaye müəssisələrinin potensialı təqdim olunur. Bu təqdimatlar yerli istehsal imkanlarının tanıdılması, sahibkarlar və potensial tərəfdaşlar arasında əlaqələrin genişləndirilməsi baxımından əhəmiyyət daşıyır.
İZİA-nın sərgidə iştirakı sənaye zonalarının investisiya imkanlarının təşviqinə, rezident müəssisələrin məhsullarının daha geniş auditoriyaya çatdırılmasına və yeni işgüzar əlaqələrin qurulmasına xidmət edir.