Yanvar-sentyabr aylarında özəlləşdirmə və icarədən dövlət büdcəsinə 165,3 milyon manat vəsait ödənilib

2026.10.15 13:22 (UTC+04:00)

2026-cı ilin yanvar-sentyabr ayları ərzində İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən 46 hərrac keçirilib.

Dövlət Xidmətinin məlumatına görə, hərraclarda 7 səhmdar cəmiyyətinin səhmləri, 2 kiçik dövlət müəssisəsi, 1 yarımçıq tikili sahəsi və 804 nəqliyyat vasitəsi özəlləşdirilib.

Göstərilən dövrdə özəlləşdirmədən dövlət büdcəsinə daxilolmalar 122 milyon manat təşkil edib.

Yanvar-sentyabr ayları ərzində 444-ü qeyri-yaşayış, 3.075-i torpaq sahələri üzrə olmaqla 3.519 yeni icarə müqaviləsi bağlanılıb. Daşınmaz dövlət əmlakının (qeyri-yaşayış və torpaq sahələrinin) icarəsindən dövlət büdcəsinə 43,3 milyon manat vəsaitin ödənilməsi təmin olunub.

Beləliklə, 2026-cı ilin yanvar-sentyabr ayları ərzində dövlət əmlakının özəlləşdirilməsi və icarəsindən büdcəyə ümumilikdə 165,3 milyon manat vəsait daxil olub.