Yanvar-sentyabr aylarında 18,4 milyard kubmetr qaz ixrac edilib

2026.10.15 12:46 (UTC+04:00)

2026-cı ilin yanvar-sentyabr aylarında ölkədə 37,9 milyard kubmetr təbii qaz hasil edilib.

Energetika Nazirliyindən verilən məlumata görə, hasilatın 10,8 milyard kubmetri “Azəri-Çıraq-Günəşli”nin, 20,6 milyard kubmetri “Şahdəniz”in, 1,2 milyard kubmetri “Abşeron” yatağının, 5,3 milyard kubmetri isə SOCAR-ın payına düşüb.

Bu dövrdə qaz ixracı 18,4 milyard kubmetr təşkil edib. Bunun 8,6 milyard kubmetri Avropanın, 7 milyard kubmetri Türkiyənin (o cümlədən TANAP-la 4,2 milyard kubmetr), 1,6 milyard kubmetri Gürcüstanın, 1,2 milyard kubmetri isə Suriyanın payına düşüb.

“Azəri-Çıraq-Günəşli” və “Şahdəniz” yataqları istismara veriləndən cari ilin 1 oktyabr tarixinədək 684,5 milyon tona yaxın neft (qaz kondensatı ilə birlikdə), 540 milyard kubmetr qaz hasil edilib. “Azəri-Çıraq-Günəşli”dən 629,5 milyon ton neft, 254,7 milyard kubmetr qaz, “Şahdəniz”dən isə 55 milyon tona yaxın kondensat, 285,3 milyard kubmetr qaz hasil edilib.