TAP kəməri boyunca 97 faiz torpaq örtüyü bərpa olunub

2019.09.11 18:11 (UTC+04:00)

Azərbaycan qazının Avropaya nəqlini nəzərdə tutan Trans-Adriatik Boru Kəmərinin (TAP) inşası çərçivəsində kəmərin keçdiyi 97 faiz ərazidə torpaq örtüyü bərpa olunub. "APA-Economics"in TAP konsorsiumuna istinadən verdiyi məlumata görə, boru kəməri boyunca (Yunanıstan, Albaniya və İtaliyada) torpaq sahələri kənd təsərrüfatı sahəsini bərpa etmək üçün sahiblərinə və istifadəçilərinə qaytarılıb.

Xatırladaq ki, Cənub Qaz Dəhlizi layihəsinin bir hissəsi olan TAP kəməri ilə "Şahdəniz-2" layihəsi çərçivəsində hasil olunan qazın ilkin olaraq ildə 10 mlrd. kubmetrinin Avropaya nəqli nəzərdə tutulur. Bu boru kəməri Yunanıstan, Albaniya və Adriatik dənizindən keçməklə İtaliyanın cənubuna qədər uzanacaq. Gələcəkdə kəmərin illik nəqletmə gücü 20 mlrd. kubmetrə artırılması planlaşdırılıb.

Azərbaycan qazının Avropaya 2020-ci ildə çatdırılacağı nəzərdə tutulur.