Ani Ödənişlər Sistemi ilə aparılan gündəlik əməliyyat sayı ilk dəfə 1 milyonu ötüb

2026.10.14 18:18 (UTC+04:00)

Azərbaycan Mərkəzi Bankının Ani Ödənişlər Sistemi (AÖS) ölkənin nağdsız ödəniş ekosisteminin genişlənməsinə töhfə verməyə davam edir.

Mərkəzi Bankın məlumatına görə, cari ilin sentyabr ayında AÖS ilə aparılan gündəlik əməliyyat sayı ilk dəfə 1 milyonu, aylıq dövriyyə isə 2 milyard manatı ötüb.

2026-cı ilin ilk 9 ayının yekunlarına əsasən, AÖS vasitəsilə 8,84 milyard manat həcmində 102,15 milyon əməliyyat reallaşdırılıb. Ötən ilin müvafiq dövrü ilə müqayisədə əməliyyatların sayı 25,1 dəfə, dövriyyənin həcmi isə 5,7 dəfə artıb.

AÖS vasitəsilə 24/7 rejimində real vaxtda həyata keçirilən ödənişlər maliyyə subyektləri və ödəniş xidməti təchizatçıları üçün vəsaitlərin çevik idarə olunmasını təmin edir. AÖS tərəfindən təqdim olunan imkanlar və həllər ölkədə ödəniş ekosisteminin genişlənməsinə və yeni rəqəmsal ödəniş həllərinin yaranmasına zəmin yaradır.