Bakı qəsəbələrində fəaliyyət göstərən sahibkarlara 2,6 milyon manat güzəştli kredit verilib

2019.09.11 17:30 (UTC+04:00)

İqtisadiyyat Nazirliyi Sahibkarlığın İnkişafı Fondunun sentyabrın 11-də Binəqədi rayonunda keçirdiyi işgüzar forumda Bakı qəsəbələrində fəaliyyət göstərən sahibkarlara 2,6 milyon manat güzəştli kredit verilib. Nazirliyin mətbuat xidmətindən bildirilib ki, kreditlər heyvandarlıq, bağçılıq, çörək, tara, mebel istehsalı və sair sahələrə yönəldiləcək.

Sahibkarlığın güzəştli kreditləşdirilməsi məsələlərinə dair işgüzar forum çərçivəsində Binəqədi rayonunun iqtisadi potensialının reallaşdırılması məqsədilə prioritet hesab olunan istixana təsərrüfatlarının, ət kəsimi və corab istehsalı müəssisələrinin, ixtisaslaşdırılmış “yaşıl market”in yaradılması üzrə nümunəvi investisiya layihələrinin təqdimatı keçirilib, sahibkarlara nümunəvi layihələr və metodiki materiallar paylanıb.

Forumda çıxış edən İqtisadiyyat nazirinin müavini Sahib Məmmədov Prezident İlham Əliyevin “Ölkəmizin inkişafı sahibkarlığın inkişafından asılıdır” strateji kursuna uyğun olaraq, özəl sektorun davamlı inkişafına nail olunduğunu, sahibkarlıq fəaliyyətinin, xüsusilə innovativ sahibkarlığın inkişafının daha da genişlənməsi üçün sistemli və ardıcıl tədbirlərin, kompleks islahatların həyata keçirildiyini, əlverişli işgüzar mühitin yaradıldığını vurğulayıb. Özəl bölmənin inkişafı istiqamətində həyata keçirilən dövlət dəstəyi tədbirləri barədə məlumat verən S.Məmmədov Sahibkarlığın İnkişafı Fondunun Bakıətrafı kənd və qəsəbələrdə, eləcə də regionlarda sahibkarlıq fəaliyyətinin genişləndirilməsi istiqamətində gördüyü işlər barədə məlumat verib. Qeyd edib ki, indiyədək Bakı şəhəri, həmçinin onun kənd və qəsəbələrində fəaliyyət göstərən sahibkarlıq subyektlərinin 2731 investisiya layihəsinin maliyyələşdirilməsinə 686,6 milyon manat güzəştli kredit verilib.

Məlumat verilib ki, ölkə üzrə bu ilin ötən dövründə investisiya dəyəri 400,4 milyon manat olan 774 investisiya layihəsinin maliyyələşdirilməsinə 101,4 milyon manat güzəştli kredit verilib. Bu kreditlərdən yararlanmaqla investisiya layihələrinin reallaşdırılması 3400-dən çox yeni iş yerinin açılmasına imkan yaradır. Bu ilin ötən dövründə verilmiş kreditlərin 96,3 faizi kiçik və orta həcmli kreditlər olmaqla, kiçik və orta biznes layihələrinin maliyyələşdirilməsinə yönəldilib.
Nazir müavini sahibkarlar və Sahibkarlığın İnkişafı Fondu arasında əməkdaşlığın daha da genişləndirilməsi, sahibkarların maarifləndirilməsi, müraciətlərinin operativ qaydada cavablandırılması, startapların dəstəklənməsi üçün fondda Sahibkarlara Xidmət və Biznes İnkubasiya mərkəzlərinin fəaliyyət göstərdiyini vurğulayıb, sahibkarları bu imkanlardan yararlanmağa dəvət edib.

Forum çərçivəsində Binəqədi rayonunda İqtisadiyyat Nazirliyinin Sahibkarlığın İnkişafı Fondunun xətti ilə verilmiş güzəştli kreditlərdən istifadə etməklə yaradılmış tikinti materiallarının istehsalı müəssisəsinə baxış keçirilib.