Sentyabrın 1-nə 528 sahibkarlıq subyektinə 633 investisiya təşviqi sənədi verilib

2026.10.14 12:05 (UTC+04:00)

“İnvestisiya təşviqi mexanizmi də genişləndirilib. Hazırda 17 strateji istiqaməti əhatə edən bu mexanizmin müddəti 2029-cu ilədək uzadılıb. Sentyabrın 1-nə 528 sahibkarlıq subyektinə 633 investisiya təşviqi sənədi verilib”.

Bu sözləri iqtisadiyyat nazirinin birinci müavini Elnur Əliyev Bakıda keçirilən III Milli Rəqabət Forumunda çıxışında deyib. O əlavə edib ki, Azərbaycan Biznesinin İnkişafı Fondu tərəfindən isə cari ilin ilk səkkiz ayında 4300-ə yaxın layihəyə 223 milyon manat güzəştli kredit ayrılıb.

Elnur Əliyev vurğulayıb ki, burada nəticələrin düzgün qiymətləndirilməsi vacibdir. Təşviq sənədinin verilməsi layihənin həyata keçirilməsinə imkan yaradır. Sonrakı mərhələdə həmin investisiyanın reallaşması, müəssisənin fəaliyyətə başlaması və nəzərdə tutulan iş yerlərinin açılması diqqətdə saxlanılmalıdır. Eyni yanaşma iri investisiya razılaşmalarına da aiddir: “Sentyabrda keçirilmiş İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumunda ümumi dəyəri 10,8 milyard ABŞ dolları olan 23 sənəd imzalanıb. Bakı Enerji Həftəsində elan edilmiş layihələrlə birlikdə bu məbləğ 16,7 milyard dollara çatır. Bu, qarşıdakı dövr üçün ciddi investisiya potensialıdır. Həmin potensialın iqtisadiyyata faktiki sərmayə kimi daxil olması üçün layihələrin icrasını müşayiət etmək, yaranan məsələləri vaxtında həll etmək lazımdır. Strateji investisiya layihələri üçün yaradılmış “Sürətli keçid” mexanizminin əhəmiyyəti də burada özünü göstərir”.