2026-cı ilin 1-ci yarımili ərzində investisiya şirkətlərinin balans göstəricilərində artım müşahidə olunub. Bu barədə Azərbaycan Mərkəzi Bankının (AMB) bu ilin birinci yarımilinə dair “Maliyyə Sabitliyi Hesabatı"nda bildirilir.
2025-ci ilin sonu ilə müqayisədə investisiya şirkətlərinin aktivləri 2 faiz (2 milyon manat) artaraq 123 milyon manat, öhdəlikləri isə 9 faiz (6 milyon manat) artaraq 70 milyon manat təşkil edib.
İnvestisiya şirkətlərinin xalis mənfəətində, o cümlədən kapitalın gəlirlik göstəricisində də artım müşahidə olunub. Belə ki, bu ilin ilk yarımilində investisiya şirkətlərinin xalis mənfəəti 60 faiz (0,9 milyon manat) artaraq 2,4 milyon manat olub. İnvestisiya şirkətlərinin xalis mənfəəti əsasən artan müştəri sifarişləri və portfel idarəedilməsi gəlirləri hesabına formalaşıb.
İnvestisiya şirkətlərinin kapital mövqeyi də komfort zonada olub. Hesabat dövründə investisiya şirkətləri üzrə məcmu kapital 51,2 milyon manat, tələb olunan kapital isə 8,7 milyon manat təşkil edib ki, bu da investisiya şirkətlərinin kifayət qədər kapital buferinə sahib olduğunu göstərir.