Prezident İlham Əliyevin Laos Prezidenti ilə geniş tərkibdə görüşü olub

2026.10.13 15:15 (UTC+04:00)

Oktyabrın 13-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Laos Xalq Demokratik Respublikasının Prezidenti Thonqlun Sisulitlə geniş tərkibdə görüşü olub.

Prezident İlham Əliyev görüşdə çıxış edib. Dövlət başçısı əmin olduğunu bildirib ki, səfər ikitərəfli əlaqələrimizi gücləndirəcək və əməkdaşlıq üçün yeni imkanlar yaradacaq: “Hesab edirəm ki, siyasi əlaqələrimizin daha da gücləndirilməsi səfərinizin ən yaxşı nəticəsi olardı. Biz yaxşı dostuq və beynəlxalq arenada fəal əməkdaşlıq edirik. Əlbəttə ki, biz iqtisadi sahənin daha da fəal inkişafını müşahidə etmək istəyirik. Mən bəzi göstəricilərə baxdım, onlar çox kiçikdir, amma böyük potensiala malikdir. Düşünürəm ki, Sizin səfəriniz aramızda olan iqtisadi əməkdaşlığa təkan verəcəkdir. Həmçinin təkbətək görüşdə qeyd etdiyim kimi, biz ölkənizdə praktiki investisiya layihələrini nəzərdən keçirməyə hazırıq. Hesab edirəm ki, hər iki tərəfin biznes dairələri bu imkanı araşdıracaq”.

Prezident Thonqlun Sisulit deyib ki, iki ölkə arasında 1995-ci ildə diplomatik əlaqələrin qurulmasından bəri bu, dövlət başçısı səviyyəsində baş tutan ilk səfərdir və tarixi bir mərhələdir: “Bu mərhələ bizim dostluq və əməkdaşlıqdan ibarət ənənəvi əlaqələrimizin daha sıx və səmərəli tərəfdaşlıq dövrünə qədəm qoyması ilə müşayiət olunaraq onları daha da gücləndirir, genişləndirir və yüksəldir”.

AZƏRTAC