“AzerGold” QSC-nin İdarə Heyətinin sədri Zakir İbrahimov Kolumbiya Respublikasının Azərbaycandakı səfiri Nelsi Rakel Munar Xaramiyo ilə görüşüb.
QSC-nin məlumatına görə, görüşdə iki ölkə arasında dağ-mədən sənayesində əməkdaşlıq, birgə layihələr, investisiya tərəfdaşlığı və Kolumbiyanın mineral ehtiyatlarının işlənməsində mümkün iştirak məsələləri müzakirə olunub.
Zakir İbrahimov şirkətin kəşfiyyatdan hasilatadək təcrübəsi və beynəlxalq coğrafiyasını genişləndirmək məqsədləri barədə məlumat verərək, 2027–2030-cu illəri əhatə edən Dövlət Proqramının bu sektor üçün xüsusi əhəmiyyətini vurğulayıb. Səfir isə Kolumbiyada xarici investisiyalara önəm verildiyini bildirərək, ölkəsindəki 31 strateji mədən sahəsindən 16-nın qızıl və mis ehtiyatları baxımından perspektivli olduğunu diqqətə çatdırıb.
Görüşün yekununda konkret layihələri və əməkdaşlıq imkanlarını nəzərdən keçirmək üçün hər iki tərəfin mütəxəssislərinin iştirakı ilə ayrıca görüşün təşkili barədə razılıq əldə olunub.