Azərbaycan Respublikası Hesablama Palatası və İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin (DVX) birgə təşkilatçılığı ilə “Dövlət maliyyəsinin idarə edilməsində aktual məsələlər: vergi qanunvericiliyində yeniliklər və maliyyə hesabatlılığı üzrə əsas audit nəticələri” mövzusunda keçirilən təlimdə büdcə təşkilatları və publik hüquqi şəxslərin əməkdaşları iştirak ediblər.
Tədbirdə çıxış edən Hesablama Palatasının sədri Vüqar Gülməmmədov dövlət maliyyəsinin səmərəli idarə olunmasının, maliyyə intizamının gücləndirilməsinin və şəffaflığın təmin edilməsinin vacibliyini diqqətə çatdırıb. Sədr kənar dövlət maliyyə nəzarəti tədbirlərinin nəticələrinə toxunaraq, maliyyə hesabatlılığı sahəsində müəyyən edilmiş nöqsan və uyğunsuzluqların aradan qaldırılmasında müvafiq sahədə çalışan əməkdaşların peşəkar bilik və bacarıqların davamlı artırılmasının mühüm rol oynadığını vurğulayıb. O, həmçinin maliyyə hesabatlarının hazırlanmasında qanunvericiliyin tələblərinə əməl edilməsinin və məsuliyyət mexanizmlərinin gücləndirilməsinin xüsusi əhəmiyyət kəsb etdiyini bildirib.
Dövlət Vergi Xidmətinin rəhbəri Orxan Nəzərli çıxışında vergi qanunvericiliyinin praktiki tətbiqi məsələlərinə toxunub. O, Hesablama Palatası ilə DVX arasında keçirilən birgə tədbirlərin təcrübə və məlumat mübadiləsinin genişləndirilməsinə, eləcə də dövlət maliyyəsinin idarə olunması sahəsinin inkişafına imkan yaratdığını qeyd edib. Xidmət rəisi Dövlət Vergi Xidməti tərəfindən vergi qanunvericiliyi sahəsində maarifləndirmə işlərinin diqqətdə saxlanıldığını, şəffaflığın təmin edilməsi baxımından vergi və maliyyə hesabatlılığı ilə bağlı müzakirə platformasının əhəmiyyətini vurğulayıb.
Təlim çərçivəsində vergi qanunvericiliyindəki yeniliklər, maliyyə hesabatlılığı üzrə audit nəticələrinə dair təqdimatlar olunub, mövzular ətrafında müzakirələr aparılıb və iştirakçıların sualları cavablandırılıb.