İşğaldan azad edilmiş ərazilərdə vergi və gömrük güzəştlərinin tətbiq dairəsi genişləndirilib

2026.10.09 11:29 (UTC+04:00)

İşğaldan azad edilmiş ərazilərdə vergi və gömrük güzəştlərinin tətbiq dairəsi genişləndirilib. Nazirlər Kabinetinin 8 sentyabr 2026-cı il tarixli Qərarı ilə idxalı əlavə dəyər vergisi və gömrük rüsumundan azad edilən texnika, texnoloji avadanlıqlar və qurğular, habelə xammal və materialların aid olduğu iqtisadi fəaliyyət sahələrinin sayı artırılıb.

Dəyişikliklərlə güzəşt tətbiq olunan yeni iqtisadi fəaliyyət sahələri:

· Əczaçılıq məhsullarının istehsalı;

· Bərpa olunan enerji mənbələri hesabına elektrik enerjisi istehsalı;

· Üzümdən şərab istehsalı;

· Elmi tədqiqat və işləmələr;

· Ət, quş əti, balıq və süd məhsullarının emalı və konservləşdirilməsi, habelə heyvan yemi istehsalı;

· Heyvandarlıq (iribuynuzlu mal-qara və camışların yetişdirilməsi) və şirin su hövzələrində balıqyetişdirmə;

· Kənd təsərrüfatı məhsullarının çeşidlənməsi və qablaşdırılması;

Güzəşt tətbiq olunan müvafiq fəaliyyət sahələri və bu sahələr üzrə idxalı nəzərdə tutulan texnika, texnoloji avadanlıqlar və qurğular, habelə xammal və materialların ümumi siyahısı ilə bu linkdən tanış olmaq olar. Qeyd edək ki, güzəştlər yalnız siyahıda göstərilmiş iqtisadi fəaliyyət sahələrinə tətbiq edilir.

Güzəştlərin tətbiq dairəsinin genişləndirilməsi kənd təsərrüfatı, emal sənayesi, əczaçılıq, bərpa olunan enerji və elmi-tədqiqat kimi müxtəlif sahələrdə fəaliyyət göstərən sahibkarlar üçün investisiya və istehsal xərclərinin optimallaşdırılmasına, layihələrin iqtisadi səmərəliliyinin artırılmasına və yeni biznes təşəbbüslərinin həyata keçirilməsinə əlavə imkanlar yaradır.

Qeyd edək ki, güzəştlərdən yararlanmaq üçün sənədlərin qəbulu fiziki (ünvan Bakı şəhəri, Nizami rayonu, Heydər Əliyev prospekti, 155) və elektron formada ([email protected]) İqtisadiyyat Nazirliyi tərəfindən həyata keçirilir.