Azərbaycanda istehsal olunan qeyri-neft-qaz məhsullarının ixracı və müvafiq daxili daşıma əməliyyatları üzrə nəqliyyat xərclərinin 70 faizədək hissəsi dövlət tərəfindən kompensasiya ediləcək. Dövlət dəstəyi sentyabrın 1-dən başlayaraq hesablanacaq və ödənişlər hər rübün yekununda bir dəfə həyata keçiriləcək. Kompensasiyadan yararlanmaq istəyən sahibkarlar müvafiq rüb ərzində həyata keçirdikləri əməliyyatları təsdiqləyən sənədləri rüb başa çatdıqdan sonra İqtisadiyyat Nazirliyinə təqdim etməlidirlər. Təqdim olunan sənədlər əsasında kompensasiya məbləği müəyyənləşdirilərək sahibkarların hesablarına köçürüləcək.
Dəstək mexanizmi 2036-cı il sentyabrın 30-dək həyata keçiriləcək ixrac və daxili daşımalara şamil olunur. Yeni dəstək tədbiri Naxçıvan Muxtar Respublikasında fəaliyyət göstərən sahibkarları da əhatə edir. Belə ki, muxtar respublikada istehsal edilən Azərbaycan mənşəli qeyri-neft-qaz məhsullarının ölkənin digər bölgələrinə daşınması üçün çəkilən xərclərin də 70 faizə qədər hissəsi dövlət tərəfindən qarşılanacaq.
Məhsulların xarici bazarlara çıxarılması zamanı logistika xərclərinin azaldılması yerli sahibkarlar üçün ən böyük dəstək mexanizmlərindən biridir. Məsələni “vergiler.az”a şərh edən iqtisadçı Eldəniz Əmirov vurğulayıb ki, daşıma xərclərinin 70 faizədək hissəsinin dövlət tərəfindən qarşılanması bilavasitə biznes subyektlərinin maliyyə yükünü yüngülləşdirəcək bir addımdır. Bu, xüsusilə, kiçik və orta biznes (KOB) sektoru üçün müstəsna əhəmiyyət kəsb edir.
İstehsalın genişlənməsinə şərait yaranır
Göstərilən dəstək sayəsində sahibkarların sərəncamında əlavə maliyyə resursları qalacaq. Bu vəsaitləri istehsalın genişləndirilməsinə, məhsulun keyfiyyətinin yüksəldilməsinə və yeni satış bazarlarına çıxışa yönəltmək müəssisələrin inkişafına əlavə təkan verə bilər. İstehsal imkanlarının genişlənməsi yerli məhsulların rəqabət qabiliyyətinin yüksəlməsinə və xarici bazarlarda daha geniş mövqe qazanmasına şərait yaradır. Nəticədə, dəstək mexanizmi təkcə ixrac həcminin artmasına deyil, həm də müəssisələrin istehsal güclərinin genişlənməsinə xidmət edə bilər. İqtisadçının fikrincə, bu prosesin digər mühüm nəticələrindən biri də yeni iş yerlərinin yaradılmasıdır. Belə ki, istehsalın artması müəssisələrin əlavə işçi qüvvəsinə ehtiyacını yüksəldə və məşğulluğun genişlənməsinə imkan yarada bilər. Beləliklə, nəqliyyat xərclərinin bir hissəsinin dövlət tərəfindən qarşılanması ilkin mərhələdə sahibkarların maliyyə yükünü azaltsa da, uzunmüddətli perspektivdə qeyri-neft sektorunda istehsalın, ixracın və məşğulluğun artımını dəstəkləyən amilə çevrilə bilər.
Qeyri-neft ixracındakı artım dinamikası sürətlənəcək
Cari ilin ilk 7 ayının göstəricilərinə əsasən, qeyri-neft sektoru üzrə ixrac (qızıl istisna olmaqla) 18 faizdən çox artaraq 2,5 milyard ABŞ dollarına çatıb. E.Əmirovun fikrincə, yeni dəstək mexanizmi mövcud artım dinamikasının daha da sürətlənməsinə şərait yaradacaq. Belə ki, nəqliyyat xərclərinin 70 faizədək hissəsinin dövlət tərəfindən qarşılanması sahibkarların ixrac zamanı üzləşdiyi maliyyə yükünü azaldacağı üçün, indiyədək yüksək daşıma xərcləri səbəbindən xarici bazarlara çıxış imkanları məhdud olan müəssisələr də bu imkandan yararlana biləcəklər. Yəni bu mexanizm onlara ixrac üçün əlavə stimul yaratmış olacaq. İqtisadçı hesab edir ki, bu baxımdan yeni mexanizm sahibkarların ixrac fəaliyyətini təşviq edən və qeyri-neft ixracının artımını dəstəkləyən vasitə olacaq.
Dünya bazarında rəqabətqabiliyyətlilik artır
Logistika xərcləri məhsulun son satış qiymətinə təsir edən mühüm amillərdəndir. Daşıma xərclərinin azalması sahibkara məhsulunu daha rəqabətli qiymətlə təklif etmək imkanı yarada bilər. E.Əmirov bunu konkret nümunə ilə izah edir: “10 min manatlıq məhsul göndərilərkən 2 min manat logistika xərci yaranırsa, bu, məhsulun dəyərinin üzərinə 20 faizlik əlavə yük deməkdir. Təbii ki, bu xərc son istehlakçıya təqdim olunan qiymətə təsir edərək məhsulun rəqabət qabiliyyətini aşağı sala bilər. Logistika xərcinin 70 faizədək hissəsinin dövlət tərəfindən qarşılanması isə eyni nümunədə sahibkarın 1400 manatlıq xərcinə qənaət etməsi deməkdir. Bu, məhsulun ümumi xərc yükünü azaldaraq xarici rəqiblərlə qiymət rəqabətində sahibkarın imkanlarını genişləndirə bilər”.
İqtisadçının fikrincə, xüsusilə beynəlxalq bazarlarda qiymət rəqabətinin güclü olduğu şəraitdə logistika xərclərinə qənaət yerli məhsulların mövqeyinin möhkəmlənməsinə kömək edə bilər.
Naxçıvanlı sahibkarlar üçün həyati əhəmiyyətli addım
Sözügedən dəstək mexanizminin tətbiqi Naxçıvan Muxtar Respublikasında fəaliyyət göstərən sahibkarlar üçün də xüsusi əhəmiyyət daşıyır. E.Əmirovun sözlərinə görə, muxtar respublikanın coğrafi mövqeyi və nəqliyyat imkanlarının məhdudluğu məhsulların daşınması zamanı sahibkarlar üçün əlavə çətinliklər yaradır. Bu baxımdan, dəstək tədbiri bu bölgədən olan sahibkarların maliyyə yükünün azaldılması və məhsulların müxtəlif bazarlara çıxarılması baxımından mühüm addımdır.
Yeni mexanizm çərçivəsində Naxçıvanda istehsal olunan Azərbaycan mənşəli qeyri-neft-qaz məhsullarının yalnız xarici bazarlara deyil, ölkənin digər bölgələrinə daşınması xərclərinin də müəyyən hissəsinin qarşılanması nəzərdə tutulur. Bu da sahibkarların məhsullarını daha geniş coğrafiyada təqdim etməsinə və satış imkanlarını artırmasına şərait yaradacaq amildir. İqtisadçının fikrincə, bu imkanlar muxtar respublikada istehsal fəaliyyətinin genişlənməsinə təkan verəcək və yerli məhsulların bazarlara çıxışı asanlaşacaq.
Faiq KƏRİMOĞLU