Azərbaycan bal ixracını artıra bilər

2019.09.11 16:07 (UTC+04:00)

Bu il ərzində Azərbaycanda bal istehsalının həcmi ötən ilin ümumi göstəricisini 2 dəfə üstələyərək 6 min tonu keçib. Bunu Azərbaycan Arıçılar Assosiasiyasının sədri Bədrəddin Həsrətov deyib. Onun sözlərinə görə, bu göstəricinin 10 min tona çatdırılacağı planlaşdırılır ki, buna da təxminən yaxın 2 il ərzində nail olunacağı istisna edilmir: “Maliyyə baxımından daxili bazarın illik həcmi təxminən 1,2 mln. manat olub ki, bunun da 3 mln. manatını istehsal xərcləri təşkil edib. Araşdırmalara görə, daxili tələbat təqribən 5 min tona bərabərdir”.
Assosiasiya sədri əlavə edib ki, əgər ötən il ölkə üzrə 375 minədək arı ailəsi var idisə, bu il daha 100 min ailə artıb: “Biz arı ailələrinin sayının 1 milyona çatdırılmasını planlaşdırırıq. Əgər əvvəllər bir arı ailəsinin məhsuldarlığı 8-10 kiloqram arasında idisə, bu il biz bu göstəricini innovativ metodlardan daha çox istifadə etməklə və arıların cins tərkibini yaxşılaşdırmaqla, 10-15 kiloqrama çatdıra bilmişik”.