AİİB Azərbaycanda dəniz suyunun duzsuzlaşdırılması layihəsinə 45 milyon dollar kredit ayrılmasını təsdiqləyib

2026.10.08 17:46 (UTC+04:00)

Asiya İnfrastruktur İnvestisiya Bankı (AİİB) Azərbaycanda dəniz suyunun duzsuzlaşdırılması zavodunun tikintisi layihəsinə 45 milyon ABŞ dolları həcmində kredit ayrılmasını təsdiqləyib.

Bankın məlumatına görə, layihə Sumqayıt şəhərinin sənaye zonasında sutkalıq gücü 300 min m³ olan əks-osmos texnologiyalı dəniz suyunu duzsuzlaşdıran zavodun inşasını və sonrakı istismarını nəzərdə tutur. Bu, ölkənin su sektorunda həyata keçirilən ilk dövlət-özəl tərəfdaşlığı layihəsidir. Dövlət-özəl tərəfdaşlığı haqqında saziş “ACWA Power” şirkəti ilə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi arasında obyektin kommersiya istismarına verildiyi tarixdən etibarən 25 il müddətinə bağlanıb.