Mədən vergisi: Mədən vergisi üzrə hesabat dövrü təqvim ayı sayılır. Mədən vergisinin ödəyicisi hesabat ayı üçün faydalı qazıntıların çıxarıldığı aydan sonrakı ayın 20-dən gec olmayaraq vergini ödəyir və bəyannamə verirlər. Yerli əhəmiyyətli tikinti materialları üzrə mədən vergisi yerli (bələdiyyə) büdcəyə ödənilir və bələdiyyələrə mədən vergisinin bəyannaməsi verilir. Yerli əhəmiyyətli tikinti materiallarına kərpic-kirəmit gilləri, tikinti qumları, çınqıl xammalı aid edilir.
Sadələşdirilmiş vergi (daşınmaz əmlakın təqdim edilməsi üzrə): Bu fəaliyyət üzrə sadələşdirilmiş vergi üçün hesabat dövrü aydır. Daşınmaz əmlakın təqdim edilməsi üzrə müqavilələri təsdiq edən notarius sadələşdirilmiş vergini hesablayaraq 1 (bir) bank günü ərzində dövlət büdcəsinə ödəməyə və hesabat ayından sonrakı ayın 20-dən gec olmayaraq “Daşınmaz əmlak təqdim edən şəxslərdən ödəmə mənbəyində tutulan sadələşdirilmiş verginin bəyannaməsi”ni vergi orqanına verməyə borcludur.
Sadələşdirilmiş vergi (pul vəsaitlərinin nağd qaydada çıxarılması üzrə): Bu fəaliyyət üzrə sadələşdirilmiş vergi üçün hesabat dövrü aydır. Hüquqi şəxslərə və fərdi sahibkarlara bank hesablarındakı pul vəsaitlərinin nağd qaydada verilməsini həyata keçirən yerli banklar, xarici bankın Azərbaycan Respublikasındakı filialı və ya poçt rabitəsinin milli operatoru tərəfindən 1 faiz hesablanan vergini vəsaiti alan şəxsin bank hesabından tutulur, hesabat ayından sonrakı ayın 20-dən gec olmayaraq hesablanmış vergi dövlət büdcəsinə köçürülür və həmin müddətədək “Pul vəsaitlərinin nağd çıxarılmasına görə sadələşdirilmiş verginin bəyannaməsi” vergi orqanına təqdim edilir.
Qeyd: Verginin ödənilmə və bəyannamənin (o cümlədən arayışın) verilmə müddətinin sonuncu günü istirahət və ya bayram gününə düşdüyü halda, növbəti iş gününə keçirilir.