İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən bildirilib ki, Vergi Məcəlləsinin 115.3-ci maddəsinə əsasən, icarəyə götürülmüş əsas vəsaitlər üzrə təmir xərclərinin gəlirdən çıxılması Vergi Məcəlləsinin 115.4-cü və 115.6-1-ci maddələrinə uyğun olaraq müəyyən edilir. Həmin Məcəllənin 115.6-1-ci maddəsinə uyğun olaraq, icarəçinin balansında uçota alınmayan əsas vəsaitlərin təmirinə çəkilən və icarə haqqı ilə əvəzləşdirilməyən, yaxud icarəyə verən tərəfindən əvəzi ödənilməyən xərclər bağlanmış müqavilə müddəti ərzində, lakin 5 ildən az olmayaraq, illər üzrə mütənasib məbləğlərdə amortizasiya edilməklə gəlirdən çıxılır. İcarəyə götürülmüş əsas vəsaitlərin təmirinə çəkilən xərclər hər il üzrə ayrıca olaraq kapitallaşdırılır və bu maddə ilə müəyyən edilmiş qaydada amortizasiya olunur.
Eyni zamanda Vergi Məcəlləsinin 197.1.3-cü maddəsinə əsasən, müəssisələrin, habelə fərdi sahibkarların balansında olan əsas vəsaitlər (bu Məcəllənin 197.1.1-ci maddəsində göstərilən aktivlər istisna olmaqla) əmlak vergisi məqsədləri üçün vergi tutma obyektidir.
Qeyd edilənlərə əsasən, vergitutma obyekti müəssisələrin balansında olan əsas vəsaitlərdir və əmlak vergisi həmin əsas vəsaitlərin orta illik qalıq dəyəri əsasında hesablanır.
Sorğuya cavab olaraq bildirilib ki, icarəyə götürülmüş əmlak müəssisənin balansında alınmadığı halda, əmlak vergisinin vergitutma obyektinə daxil edilmir.
Əsas: Vergi Məcəlləsi 115, 197 və 201-ci maddələri