Azərbaycanın Türkiyədəki Ticarət Nümayəndəliyinin təşkilatçılığı ilə ölkəmizə səfər edən Adana Hacı Sabancı Organize Sənaye Zonasının nümayəndələri ilə İqtisadiyyat Nazirliyinin tabeliyində İqtisadi Zonaların İnkişafı Agentliyinin (İZİA) idarəçiliyində olan Sumqayıt Sənaye Parkında görüş keçirilib.
Agentliyin məlumatına görə, görüşdə sənaye sahəsində əməkdaşlıqla bağlı fikir mübadiləsi aparılıb.
Görüş çərçivəsində İZİA ilə Türkiyənin Adana Hacı Sabancı Organize Sənaye Zonası arasında əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb.
Memoranduma uyğun olaraq, sənaye müəssisələri və investorlar arasında B2B əlaqələrin genişləndirilməsi, sənaye zonalarında yaşıl texnologiyaların tətbiqi, enerji səmərəliliyinin artırılması, rəqəmsallaşma, innovasiya və klasterləşmə sahələrində təcrübə mübadiləsi və birgə təşəbbüslərin həyata keçirilməsi üzrə əməkdaşlıq nəzərdə tutulur.
Anlaşma Memorandumunu İZİA-nın İdarə Heyəti sədrinin müavini Aqil Əzizov və Adana Hacı Sabancı Organize Sənaye Zonasının İdarə Heyətinin sədri Bekir Sütçü imzalayıblar.
Adana Hacı Sabancı Organize Sənaye Zonasının nümayəndələri Sumqayıt Sənaye Parkında fəaliyyət göstərən bir sıra müəssisələrin fəaliyyəti ilə də tanış olublar.