Yerli dərman istehsalı idxaldan asılılığı azaltmaq məqsədi daşıyır

2026.10.07 10:44 (UTC+04:00)

Pirallahı Sənaye Parkında fəaliyyət göstərən “Gen Pharma Caucasus Manufacturing Operations” MMC ölkədə dərman təminatında idxaldan asılılığı azaltmaq və yerli istehsalı genişləndirmək məqsədi daşıyır.

İqtisadi Zonaların İnkişafı Agentliyinin məlumatına görə, ümumi dəyəri 113,9 milyon manat olan layihənin maliyyələşdirilməsində özəl investisiya ilə yanaşı, Azərbaycan Biznesinin İnkişafı Fondunun 13,2 milyon manat investisiyasından, 10 milyon manat isə güzəştli kredit vəsaitindən istifadə edilib. Sənaye Parkının rezidenti kimi müəssisə 7 milyon manatdan çox ƏDV və gömrük rüsumlarından azad olunub.

Aparıcı xarici ölkələrin avadanlıqları ilə təchiz edilən zavodun illik istehsal gücü müxtəlif tibbi sahələr üzrə 60 milyon qutu (2,5 milyard tablet və kapsul) təşkil edir. Məhsulların daxili bazarla yanaşı, Gürcüstan, Qazaxıstan və Özbəkistana və digər ölkələrə ixracı nəzərdə tutulur.

178 nəfərin daimi işlə təmin olunduğu müəssisə, həmçinin Qarabağ Universiteti və Azərbaycan Tibb Universiteti üçün rəsmi tədris bazası kimi fəaliyyət göstərir.