Azərbaycan ilə Böyük Britaniya arasında ticarət dövriyyəsi bu ilin ilk yarısında təxminən 6 dəfə artaraq 3,6 milyard dollara çatıb.
Bu sözləri energetika naziri Pərviz Şahbazov Azərbaycan Hökuməti ilə Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Hökuməti arasında keçirilən Birgə Hökumətlərarası Komissiyanın 8-ci iclasında çıxışı zamanı deyib.
O bildirib ki, iki ölkə arasında siyasi və iqtisadi əlaqələr qarşılıqlı etimad və inam əsasında inkişaf edir.
“Əldə olunan tərəqqi Azərbaycan-Böyük Britaniya münasibətlərinin strateji tərəfdaşlıq səviyyəsinə yüksəldilməsi üçün möhkəm zəmin yaradır. Böyük Britaniya 30 ildən artıqdır ki, investisiyaları və enerji sektorunda strateji əməkdaşlığı ilə Azərbaycanın əsas tərəfdaşlarından biridir. Böyük Britaniyanın Azərbaycana yatırdığı investisiyaların həcmi 39 milyard dolları ötür və bu ölkə Azərbaycanın ən böyük xarici investorudur”, - deyə nazir vurğulayıb.
P.Şahbazov qeyd edib ki, ötən il iki ölkə arasında ticarət dövriyyəsi 67 faiz artıb: “Bu ilin ilk yarısında isə ticarət dövriyyəsi təxminən 6 dəfə artaraq 3,6 milyard dollara çatıb. Azərbaycanın Böyük Britaniyaya ixracı 24 dəfə artıb”.
AZƏRTAC