Azərbaycan Standartlaşdırma İnstitutu (AZSTAND) ilə Türkiyə Standartlar İnstitutu (TSE) arasında əməkdaşlığın inkişaf etdirilməsi və yeni istiqamətlər üzrə birgə fəaliyyətin genişləndirilməsi məqsədilə 2026-2027-ci illər üçün Fəaliyyət Planı imzalanıb.
Azərbaycan Standartlaşdırma İnstitutunun məlumatına görə, sənəd Fransa Respublikasının paytaxtı Paris şəhərində keçirilən Beynəlxalq Standartlaşdırma Təşkilatının (ISO) illik toplantısı çərçivəsində AZSTAND-ın nümayəndə heyəti ilə TSE nümayəndələri arasında keçirilən görüş zamanı imzalanıb.
Fəaliyyət Planı çərçivəsində müasir çağırışlar və prioritet istiqamətlər nəzərə alınmaqla süni intellekt, kibertəhlükəsizliyin idarə edilməsi sistemləri, halal sertifikatlaşdırma, istixana qazı emissiyalarının idarə olunması və digər sahələr üzrə əməkdaşlığın inkişaf etdirilməsi nəzərdə tutulur.
Sənədə əsasən, qeyd olunan istiqamətlər üzrə qarşılıqlı təcrübə və bilik mübadiləsinin aparılması, mütəxəssislərin iştirakı ilə təlimlərin təşkili, eləcə də standartlaşdırma sahəsində birgə fəaliyyətlərin həyata keçirilməsi planlaşdırılır.