Gözlənilən artımlar daha geniş əhali qruplarının gəlirlərinə təsir göstərəcək AÇIQLAMA

2026.10.06 14:00 (UTC+04:00)

“Minimum əməkhaqqının artırılması, ilk növbədə, əmək bazarında ən aşağı maaşla çalışanlara birbaşa təsir göstərəcək. Eyni zamanda, minimum əməkhaqqı dövlət sektorunda və bir sıra digər sahələrdə əməkhaqqı sisteminin formalaşmasına təsir edən əsas göstəricilərdən biridir”.

Bu fikri millət vəkili Aydın Hüseynov “vergiler.az”a açıqlamasında səsləndirib. Bildirib ki, 2026-cı ilin əvvəlində qanunvericiliyə edilmiş dəyişikliklə minimum əməkhaqqına ildə ən azı bir dəfə yenidən baxılması nəzərdə tutulub. Bu isə minimum əməkhaqqının iqtisadi göstəricilər və sosial amillər nəzərə alınmaqla daha sistemli şəkildə müəyyənləşdirilməsi baxımından əhəmiyyətlidir:

“Prezident İlham Əliyevin minimum əməkhaqqı, pensiya və sosial müavinətlərin artırılacağı ilə bağlı açıqlamasını sosial siyasətin növbəti mərhələsi kimi qiymətləndirmək olar. Burada əsas məqam ondan ibarətdir ki, söhbət yalnız bir kateqoriyanın gəlirinin artırılmasından getmir. Minimum əməkhaqqı ilə yanaşı pensiya və sosial müavinətlərin də artırılması daha geniş əhali qruplarının gəlirlərinə təsir göstərəcək kompleks sosial paketdən xəbər verir”.

A.Hüseynov hazırda Azərbaycanda minimum aylıq əməkhaqqının 400 manat, minimum əmək pensiyasının isə 320 manat olduğunu xatırladıb. 2026-cı ildə ölkə üzrə yaşayış minimumu 300 manat, əmək qabiliyyətli əhali üçün 317 manat, pensiyaçılar üçün isə 245 manat müəyyən edilib:

“Bu göstəricilər nəzərə alınanda gələcək artımın əsas məqsədlərindən biri əməkhaqqı və sosial ödənişlərin əhalinin real gəlirlərinə təsir edən qiymət dəyişiklikləri fonunda qorunması olacaq. Pensiyaların artırılması isə başqa mexanizmlə həyata keçirilə bilər. 2026-cı ildə əmək pensiyaları 9,3 faiz indeksləşdirilib və bu artım ilin əvvəlindən tətbiq olunub. Burada əsas meyar əvvəlki ildə orta aylıq nominal əməkhaqqının artım tempi olub. Ona görə də 2027-ci il üzrə pensiya artımında da iqtisadi göstəricilər, xüsusilə əməkhaqqı dinamikası və qanunvericilikdə nəzərdə tutulan indeksləşdirmə mexanizmləri mühüm rol oynayacaq”.

Sosial müavinətlərin artırılması isə daha geniş sosial qrupları əhatə edə bilər. Millət vəkili bildirib ki, buraya müxtəlif səbəblərlə sosial müavinət alan şəxslər, aztəminatlı ailələr, əlilliyi olan şəxslər, uşaqlarla bağlı sosial ödənişlərdən yararlanan vətəndaşlar və digər kateqoriyalar daxildir. Ancaq konkret olaraq hansı müavinətin nə qədər artırılacağı yalnız müvafiq qərarlar qəbul edildikdən sonra dəqiq məlum olacaq:

“İqtisadi baxımdan belə artımların iki əsas təsiri var. Bir tərəfdən əhalinin sərəncamında olan gəlirlər artır və bu vəsaitin əhəmiyyətli hissəsi istehlaka yönəldiyi üçün daxili tələbin və pərakəndə ticarətin dəstəklənməsinə səbəb ola bilər. Digər tərəfdən, əməkhaqqı və sosial ödənişlərin sürətli artımı qiymətlərə, işəgötürənlərin əmək xərclərinə və dövlət büdcəsinin sosial xərclərinə müəyyən təzyiq yarada bilər. Buna görə də artımın miqyası və onun maliyyələşmə mənbəyi xüsusi əhəmiyyət daşıyır. Burada əsas məsələ təkcə nominal gəlirin artırılması deyil, real gəlirin qorunmasıdır. Əgər maaş və pensiya artımı qiymətlərin artımını üstələyirsə, vətəndaşın faktiki alıcılıq qabiliyyəti yüksəlir. Əks halda, nominal artım olsa da, onun sosial effekti daha məhdud qala bilər. Bu səbəbdən 2027-ci il üçün qərarlar hazırlanarkən inflyasiya, iqtisadi artım, əmək məhsuldarlığı, orta əməkhaqqı və büdcənin imkanlarının birlikdə nəzərə alınması vacibdir”.

A.Hüseynov Prezidentin əməkhaqqı və sosial müavinətlərlə bağlı açıqlamasını sosial ödənişlərin artırılması istiqamətində növbəti mərhələnin anonsu kimi qiymətləndirib.

Fərqanə ALLAHVERDİQIZI