Ağdam rayonunda 100-cü Yubiley Aqrar Biznes Festivalı keçirilib. Kənd Təsərrüfatı Nazirliyinin məlumatına görə, Aqrar İnnovasiya Mərkəzi və Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Respublikası Prezidentinin Xüsusi Nümayəndəliyinin birgə təşkilatçılığı ilə keçirilən festivalda dövlət qurumlarının nümayəndələri, aqrar sahədə fəaliyyət göstərən şirkətlər, assosiasiyalar, fermerlər, sahibkarlar və digər iştirakçılar bir araya gəliblər.
Festivalın əsas məqsədi kənd təsərrüfatında innovasiyaların və müasir texnologiyaların tətbiqinin təşviq edilməsi, fermer və sahibkarların dövlət dəstək mexanizmləri, müasir texnologiyalar və aqrar məhsullar barədə məlumatlandırılması, onların məhsul və xidmətlərə çıxış imkanlarının genişləndirilməsi, eləcə də dövlət-özəl tərəfdaşlığının gücləndirilməsidir.
Festivalda müasir suvarma sistemləri, bitki mühafizəsi, toxumçuluq, kənd təsərrüfatı texnikası, arıçılıq və digər aqrar istiqamətlər üzrə fəaliyyət göstərən şirkət və dövlət qurumları iştirak edib. Ümumilikdə 100-ə yaxın şirkət və dövlət qurumunun iştirak etdiyi festivalda həmçinin aqrar sahədə fəaliyyət göstərən assosiasiyalar, qadın sahibkarlar və arıçılar da məhsul və xidmətlərini təqdim ediblər.
Festival çərçivəsində kənd təsərrüfatı məhsulları, müasir texnologiyalar, istehsal vasitələri və aqrar sahə üçün müxtəlif məhsul və xidmətlərin təqdim olunduğu sərgi təşkil edilib.