Ahıl şəxslər üçün tədbir keçirilib

2026.10.05 16:52 (UTC+04:00)

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən, hər il olduğu kimi, sosial məsuliyyət tədbirləri çərçivəsində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin Ahıl şəxslər üçün Bilgəh qəsəbəsində yerləşən sosial xidmət müəssisəsində Beynəlxalq Ahıllar Günü qeyd edilib.

Tədbirdə Dövlət Vergi Xidmətinin nümayəndələri ilə yanaşı, sosial xidmət müəssisəsinin əməkdaşları və sakinləri iştirak ediblər. Tədbirin təşkilindən öncə aidiyyəti quruma müraciət olunaraq müəssisənin ehtiyacları öyrənilib, qurumun təklifləri üzrə ianələr olunub.

Tədbir zamanı Ahılların cəmiyyətin mənəvi yaddaşını yaşadan, zəngin həyat təcrübəsini və milli-mənəvi dəyərləri gələcək nəsillərə ötürən xüsusi bir təbəqə olduğu vurğulanıb. Bildirilib ki, ümummilli lider Heydər Əliyev ahıl insanlara hər zaman böyük həssaslıq və diqqətlə yanaşıb, onların sosial rifahının və müdafiəsinin gücləndirilməsini dövlət siyasətinin mühüm istiqamətlərindən biri kimi müəyyənləşdirib. Ulu Öndərin bu sahədə formalaşdırdığı humanist siyasət Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Hazırda ölkəmizdə ahıl vətəndaşların sosial müdafiəsinin gücləndirilməsi, onların həyat şəraitinin yaxşılaşdırılması və cəmiyyətə inteqrasiyasının təmin edilməsi istiqamətində davamlı tədbirlər həyata keçirilir.

Qeyd olunub ki, ahıl insanlara göstərilən diqqət və qayğı bütün dövlət qurumları, o cümlədən Dövlət Vergi Xidməti tərəfindən də dəstəklənir, qurumun təşəbbüsü ilə yaşlı insanlarla görüşlər təşkil edilir, dəstəkləyici tədbirlər həyata keçirilir və onların qarşılaşdıqları məsələlər daim diqqətdə saxlanılır.

Tədbir zamanı musiqili ifalar və sehrbaz şousu ilə ahıllar üçün rəngarəng və şən ab-hava yaradılıb. Bundan əlavə, ahılların fəal iştirakı ilə müxtəlif intellektual və əyləncəli viktorinalar təşkil olunub, qaliblərə əlavə hədiyyələr və sertifikatlar təqdim edilib.

Tədbirin yekununda DVX nümayəndələri, sosial xidmət müəssisəsinin əməkdaşları və ahıllar birgə xatirə şəkli çəkdiriblər.