Spirtli içkilərin ƏDV-yə və aksiz vergisinə cəlb olunması

2026.10.13 09:35 (UTC+04:00)

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən bildirilib ki, 2026-cı il yanvarın 1-dək vergi ödəyicisi tərəfindən rüsumsuz ticarət mağazasına təqdim olunan mallara görə ümumi qaydada ƏDV və aksiz vergisi hesablanıb dövlət büdcəsinə ödənilirdi. 2026-cı il yanvarın 1-dən Vergi Məcəlləsinin 165.1.3-cü maddəsində edilmiş dəyişikliyə əsasən, Azərbaycan Respublikasının ərazisində istehsal edilən və xüsusi nişanı olan aksizli malların rüsumsuz ticarət mağazalarına təqdim edilməsi ƏDV-yə 0 dərəcə ilə cəlb olunur.

Eyni zamanda, 2026-cı il yanvarın 1-dən Vergi Məcəlləsinin 187-ci maddəsində edilmiş dəyişikliyə əsasən, rüsumsuz ticarət mağazalarında satılması ilə bağlı xüsusi nişanı olan aksizli malların rüsumsuz ticarət mağazalarına təqdim edilməsi 0 dərəcəsi ilə aksizə cəlb edilir.

Qeyd olunanlara əsasən, 2026-cı il yanvarın 1-dən etibarən Azərbaycan Respublikasının ərazisində istehsal edilən və rüsumsuz ticarət mağazalarında satılması ilə bağlı xüsusi nişanı olan aksizli malların, o cümlədən spirtli içkilərin rüsumsuz ticarət mağazalarına təqdim edilməsi sıfır 0 dərəcə ilə ƏDV-yə və aksiz vergisinə cəlb olunur.

Əsas: Vergi Məcəlləsinin 165.1.3-cü və 187-ci maddələri