Brüsseldə Azərbaycan-Aİ Yüksək Səviyyəli Enerji Dialoqunun IV iclası keçirilib

2026.10.02 18:35 (UTC+04:00)

Brüsseldə energetika naziri Pərviz Şahbazov və Aİ komissarı Dan Yorgensenin həmsədrliyi ilə Azərbaycan–Aİ Yüksək Səviyyəli Enerji Dialoqunun IV iclası keçirilib.

Energetika Nazirliyindən verilən məlumata görə, iclasda tərəflər arasında strateji enerji tərəfdaşlığı, enerji təhlükəsizliyi və təmiz enerji sahəsində işbirliyinin inkişaf etdirilməsi məsələləri müzakirə olunub.
Görüşdə Azərbaycanın qaz ixracının təxminən yarısının, xam neftinin isə 80 faizinin Avropa bazarlarına yönəldiyi, bu il Almaniya və Avstriyaya tədarükün başlaması ilə Aİ-də Azərbaycan qazını alan ölkələrin sayının 10-a çatdığı diqqətə çatdırılıb. Həmçinin hasilatın artırılması layihələri, TAP-ın ötürmə qabiliyyətinin genişləndirilməsi və Cənub Qaz Dəhlizinin potensialı nəzərdən keçirilib.

Müzakirələrdə bərpa olunan enerji potensialı və “Xəzər-Qara dəniz-Avropa Yaşıl Enerji Dəhlizi” layihəsinin CESI şirkəti tərəfindən hazırlanan texniki-iqtisadi əsaslandırması təqdim edilib, layihəyə Ortaq Maraqlar Layihəsi (PMI) statusunun verilməsinin vacibliyi vurğulanıb. Eyni zamanda, enerji səmərəliliyi və metan emissiyalarının azaldılması üzrə görülən tədbirlər ətrafında fikir mübadiləsi aparılıb.