Orta Dəhliz üzrə yük daşımalarının həcmi yaxın illərdə 3-4 dəfə, hətta daha çox arta bilər. TRACECA (Avropa-Qafqaz-Asiya Nəqliyyat Dəhlizi) Hökumətlərarası Komissiyasının Daimi Katibliyinin Baş katibi Casurbek Çoriyev II Azərbaycan Beynəlxalq İnvestisiya Forumunda “vergiler.az”a açıqlamasında bildirib ki, hazırda Asiyadan Avropaya daşınan ümumi yük həcminin 5%-dən də az hissəsinin Orta Dəhlizin payına düşməsi bu potensialın hələ tam istifadə olunmadığını göstərir.
TRACECA rəsmisinin sözlərinə əsasən, Asiya ilə Avropa arasında illik ticarət həcmi təxminən 1.2 milyard ton təşkil edir. Bu yüklərin böyük hissəsi dəniz və okean yolları ilə daşındığından Orta Dəhlizin qarşısında həmin yük axınının daha böyük hissəsini cəlb etmək üçün geniş imkanlar var. Bunun üçün isə yalnız infrastrukturun inkişaf etdirilməsi kifayət etmir. Dəhliz boyunca ölkələr arasında “yumşaq bağlantı”nın gücləndirilməsi, yəni gömrük, logistika, sərhəd və digər prosedurlar üzrə koordinasiyanın daha səmərəli qurulması da xüsusi əhəmiyyət daşıyır. Belə koordinasiyanın yaxşılaşdırılması tranzit müddətinin qısalmasına və nəticədə Orta Dəhlizin daha cəlbedici marşruta çevrilməsinə imkan verə bilər.
C.Çoriyev vurğulayıb ki, qarşıdakı dörd il bu baxımdan həlledici mərhələ ola bilər. Fəaliyyətin təkmilləşdirilməsi, tikinti işlərinin davam etdirilməsi, infrastruktura investisiyaların artırılması və iştirakçı ölkələr arasında daha səmərəli koordinasiyanın təmin olunması dəhlizə tələbatı əhəmiyyətli dərəcədə artıra bilər. “Çünki yük də var, həcm də mövcuddur”, - deyə TRACECA rəsmisi vurğulayıb.