Azərbaycan Prokurorluğu - əsası 1 oktyabr 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyəti dövründə Bakı Dairə Məhkəməsinin tərkibində qoyulmuş zəngin və şərəfli bir tarixi yol keçmişdir. Bu tarixi irsə və milli dövlətçilik dəyərlərinə xüsusi önəm verən ümummilli lider Heydər Əliyevin 17 iyul 1998-ci il tarixli sərəncamı ilə məhz 1 oktyabr günü ölkəmizdə prokurorluq işçilərinin peşə bayramı günü kimi təsis edilmişdir. Ulu Öndərin uzaqgörən rəhbərliyi ilə başlanan müasir məhkəmə-hüquq islahatları, bu gün Prezident İlham Əliyev tərəfindən dinamik şəkildə davam etdirilir. Dövlət başçısının reallaşdırdığı modern hüquqi dövlət quruculuğu konsepsiyası sayəsində, prokurorluq orqanları sovet dövrünün köhnəlmiş metodlarından tamamilə azad olaraq sivil, şəffaf və demokratik bir təsisata çevrilmişdir. Müasir çağırışlara adekvat cavab verən Azərbaycan Prokurorluğu artıq yalnız ənənəvi cinayətkarlıqla mübarizə aparmır; o, həm də ölkənin iqtisadi təhlükəsizliyinin qorunması, korrupsiyaya qarşı amansız mübarizə və qanunsuz əmlakın leqallaşdırılmasının qarşısını alan strateji dövlət təsisatına keçid etmişdir.
Prokurorluq orqanlarının fəaliyyətinin əsas sütununu daxili işlər, ədliyyə və xüsusi xidmət orqanları ilə sinerji daxilində ictimai-siyasi sabitliyin qorunması təşkil edir. Kriminogen stabilliyin təmin olunması və insan hüquqlarının müdafiəsi prokurorluğun əsas konstitusion vəzifəsidir. Lakin qloballaşan dünyada cinayətkarlığın transformasiya etdiyini nəzərə alaraq, prokurorluq ənənəvi asayiş keşikçiliyindən daha mürəkkəb və transmilli təhlükə olan iqtisadi cinayətlərlə mübarizə müstəvisinə uğurla keçid etmişdir. Müasir dövrün çağırışları fonunda ümumi istintaq orqanları ilə sıx koordinasiyada fəaliyyət göstərən prokurorluq əməkdaşları bu gün xüsusi olaraq kibercinayətkarlığa, kibertəhlükəsizlik sahəsindəki təhdidlərə və yeni nəsil müasir cinayətkarlığın qarşısının operativ şəkildə alınmasına tam hazır vəziyyətdədirlər. Bu yeni hazırlıq modeli ən müasir texnoloji və hüquqi metodların tətbiqi ilə dövlətin kiberməkanının və vətəndaşların virtual təhlükəsizliyinin qorunmasını ən yüksək səviyyədə təmin edir.
Ölkənin davamlı tərəqqisi və iqtisadi suverenliyi birbaşa onun təhlükəsizlik arxitekturasından asılıdır. Azərbaycan Prokurorluğu hazırda şəffaf biznes mühitinin təmin edilməsində fəal iştirak edir. İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti (DVX) ilə qurulan sıx inteqrasiya bu sahədəki peşəkar yanaşmanın bariz nümunəsidir. Bu strateji keçidin əsas mexanizmi kimi Baş Prokurorluğun Elm-Tədris Mərkəzi ilə DVX-nin Tədris Mərkəzi arasında imzalanmış memorandum çıxış edir. "Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər" strategiyasına uyğun olaraq, vergi cinayətləri, korrupsiyaya qarşı mübarizə və xüsusi müsadirə mexanizmlərinə həsr olunan müntəzəm birgə təlimlər keçirilir. Bu prosesə digər hüquq-mühafizə orqanlarının, məhkəmə hakimiyyətinin və Vəkillər Kollegiyasının da cəlb edilməsi dövlət büdcəsinə dəyən ziyanın qarşısını alan və maliyyə intizamının möhkəmləndirilməsini təmin edən mühüm amildir. Bu institusional inteqrasiyanın uğurla reallaşdırılmasında Baş Prokurorluğun Elm-Tədris Mərkəzinin rəhbərinin və onun peşəkar komandasının rolu xüsusilə qeyd edilməlidir. Mərkəzin rəhbərliyi və komandası ölkədəki ümumi istintaq orqanları və aparıcı ali təhsil müəssisələri ilə sıx əməkdaşlıq platforması qurmuşdur. Onlar elmi nəzəriyyə ile hüquqi praktikanı mükəmməl bir vəhdətə gətirərək, təşkil olunan təlim və elmi-praktiki tədbirləri həm yüksək dərəcədə maraqlı, həm də olduqca faydalı müstəviyə daşıyırlar. Bu innovativ tədris modeli kadrların peşəkar hazırlığını artırmaqla yanaşı, iqtisadi təhlükəsizlik sahəsində vahid hüquqi yanaşmanın formalaşmasına xidmət edir.

İqtisadi təhlükəsizliyin təmin olunmasında ən həlledici cəbhə korrupsiya ilə mübarizədir. Baş Prokurorluq yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsi dövlət idarəçiliyində şəffaflığın artırılması üçün həm preventiv, həm də cəza tədbirlərini sistemli şəkildə icra edir. Bu mübarizə artıq lokal çərçivəni aşaraq qlobal müstəviyə daşınmışdır. Prokurorluq və DVX-nin IACA çərçivəsindəki koordinasiyalı addımları Tədris Mərkəzinin regional qovşaq kimi fəaliyyətinə və tərəflərin birgə səyləri ilə yeni və dayanıqlı uğurların qazanılmasına yönəlmişdir. Strateji hədəf — gələcəkdə IACA-nın rəsmi tədbirlərinin məhz Azərbaycanda keçirilməsini təmin etmək, qabaqcıl beynəlxalq praktikanı ölkəmizə gətirmək və qlobal antikorrupsiya şəbəkəsinin idarəetmə mərkəzlərindən birini Bakıya yönləndirməkdir.
Bununla yanaşı, prokurorluğun fəaliyyətinin elmi-nəzəri əsaslar üzərində mükəmməlləşdirilməsində Baş Prokurorluğun Elm-Məsləhət Şurası müstəsna platforma rolunu oynayır. Şuranın çoxfunksiyalı strukturu Azərbaycanın hüquq sahəsində tanınmış hörmətli alimlərini, zəngin təcrübəyə malik praktik hüquqşünaslarını və ali təhsil müəssisələrin rəhbər nümayəndələrini, o cümlədən Qarabağ Universitetinin rektorunu bir araya gətirir. Bu mötəbər elmi-praktiki sinerji ümumi Azərbaycan hüquq sisteminə çox böyük töhfələr verməkdədir. Şuranın iclaslarında qarşıya qoyulan strateji hədəf və addımlar geniş müzakirə edilir. Bütün bu proseslər Baş prokurorun özünün birbaşa rəhbərliyi və Şuranın baş katibinin peşəkar koordinasiyası sayəsində yüksək səviyyədə idarə olunur. Şuranın bu məqsədyönlü fəaliyyəti həm praktik tətbiq, həm qanunvericiliyə müraciət, həm də Konstitusiya Məhkəməsinə müraciətlər mexanizmi vasitəsilə milli hüquq qanunvericiliyinə misilsiz faydalar və böyük dividendlər qazandırır.
Müasir prokurorluğun iqtisadi suverenliyə verdiyi ən böyük töhfələrdən biri cinayət yolu ilə əldə edilmiş aktivlərin dövlətə qaytarılmasını təmin edən Xüsusi Müsadirə İnstitutunun professional səviyyədə əlaqələndirilməsidir. Baş Prokurorluğun strukturunda yaradılmış Xüsusi müsadirə məsələlərinin əlaqələndirilməsi idarəsi bu mexanizmin strateji beyin mərkəzi rolunu oynayır. Bu institut sadəcə hüquqi preventiv tədbir deyil; o, cinayətin iqtisadi motivlərini tamamilə sıfırlayan, dövlətin maliyyə dayanıqlığını təmin edən qlobal əhəmiyyətli bir qalxandır. Xüsusi müsadirə mexanizminin dövlətə və cəmiyyətə gətirdiyi birbaşa faydalar çoxşaxəlidir: Qanunsuz yollarla mənimsənilmiş, gizlədilmiş və ya leqallaşdırılmağa cəhd edilmiş yüz milyonlarla manat dəyərində aktivlər operativ şəkildə aşkarlanır, dondurulur və birbaşa dövlət büdcəsinə qaytarılır. Bu vəsaitlər dövlətin sosial-iqtisadi layihələrinin maliyyələşdirilməsinə xidmət edir. Hüquqi mexanizmlərin beynəlxalq müstəvidə çevik əlaqələndirilməsi sayəsində təqsirləndirilən şəxslərin xarici ölkələrdəki bank hesablarında gizlətdikləri və ya daşınmaz əmlaka çevirdikləri aktivlər ilk dəfə olaraq müsadirə edilərək Azərbaycana geri qazandırılır. Qanunvericiliyə uyğun olaraq, müsadirə edilən vəsaitlərin müəyyən bir qismi prokurorluq orqanlarının maddi-texniki bazasının gücləndirilməsinə, rəqəmsallaşma layihələrinə və əməkdaşların sosial müdafiəsinin yaxşılaşdırılmasına yönəldilir ki, bu da cinayətkarlığa qarşı dövlət nəzarətini daha da kəsərli edir. Xüsusi müsadirə institutunun bu uğurlu fəaliyyəti cinayətkar qüvvələrə çox aydın bir mesaj verir: dövlətin və xalqın vəsaitini mənimsəyənlər nəinki azadlıqlarını, həm də qanunsuz yolla əldə etdikləri bütün maddi güclərini qeyd-şərtsiz itirəcəklər.
Azərbaycan Prokurorluğunun bu çoxşaxəli transformasiyası ölkəmizin daxili sabitliyinin qorunması ilə yanaşı, həm də etibarlı və şəffaf beynəlxalq investisiya mühitinin formalaşmasına birbaşa xidmət edir. Hüququn aliliyindən iqtisadi təhlükəsizliyə uzanan bu strateji missiya sübut edir ki, müasir Azərbaycan Prokurorluğu təkcə qanunçuluğun keşikçisi deyil, həm də dövlətin iqtisadi suverenliyinin ən güclü təminatçılarından biridir.
1 Oktyabr - peşə bayramınız mübarək!
Mirəli Kazımov,
İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin
Tədris Mərkəzinin rəis müavini, Baş prokuror yanında
Elmi-Məsləhət Şurasının üzvü, hüqüq elmləri doktoru