Qarabağ və Şərqi Zəngəzurda dövlət-özəl tərəfdaşlığı xüsusi diqqət mərkəzindədir. Burada infrastruktur qurulur və növbəti mərhələ iqtisadi fəaliyyətin təmin edilməsidir.
Bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov Bakıda keçirilən CAMCA Regional Forumunda deyib.
Nazirin sözlərinə görə, regional əməkdaşlıq üçün ən geniş imkanlar rəqəmsal transformasiya, enerji və "yaşıl" investisiyalar sahəsindədir.
"Bizim fikrimizcə, əməkdaşlıq üçün ən geniş imkanlar üç istiqamətdədir: rəqəmsal transformasiya, enerji və "yaşıl" investisiyalar", - deyə Mikayıl Cabbarov bildirib.
Nazir Azərbaycanın 2025–2028-ci illər üzrə Milli Süni İntellekt Strategiyasını təsdiqlədiyini qeyd edib.
"Azərbaycan 2025–2028-ci illər üçün Milli Süni İntellekt Strategiyasını təsdiqləyib. Strategiya məlumat infrastrukturu, bacarıqlar, biznesdə tətbiq və etika məsələlərinə diqqət yetirir. Rəqabətqabiliyyətli enerji və yüksək tutumlu bağlantı məlumat mərkəzləri və süni intellekt infrastrukturu üçün təbii əsas yaradır", - deyə o bildirib.
Mikayıl Cabbarov enerji sahəsində də yeni imkanların formalaşdığını vurğulayıb.
"Azərbaycanda və regionda külək və günəş elektrik stansiyaları artıq fəaliyyət göstərir, beynəlxalq tərəfdaşlarla birlikdə daha çox layihə isə tikilir", - deyə nazir qeyd edib.
Onun sözlərinə görə, COP29-un 2024-cü ildə Bakıda keçirilməsi yaşıl investisiyalar baxımından praktik irs formalaşdırıb.
"COP29-un 2024-cü ildə Bakıda keçirilməsi çox praktik bir irs qoyub. Xəzər və Qara dəniz üzərindən yaşıl dəhlizlər enerji istehsalı, ötürülməsi, enerji saxlanc sistemləri və enerji tutumlu sənaye sahələrinə investisiya yatırmaq istəyən investorlar üçün imkanlar açır", - deyə Mikayıl Cabbarov bildirib.
Nazir Azərbaycanın regiondakı rolunun konkret öhdəliklərin yerinə yetirilməsi və əməkdaşlıq üçün imkanların yaradılması prinsipinə əsaslandığını deyib.
"Azərbaycanın bu regiondakı rolu sadə prinsipə əsaslanır: üzərimizə götürdüyümüz öhdəlikləri yerinə yetirir və əməkdaşlıq üçün qapıları açırıq. Bakı-Tbilisi-Ceyhan boru kəməri və Cənub Qaz Dəhlizi bir çoxlarının reallaşdırılmasını qeyri-real hesab etdiyi dövrdə həyata keçirildi", - deyə o bildirib.