Özünüməşğulluq proqramının əhatə dairəsi genişlənir

2019.09.11 12:17 (UTC+04:00)

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidməti Beynəlxalq Əmək Təşkilatı (BƏT) ilə birgə “Təlimçilərin təlimi” adlı növbəti proqrama start verib. Nazirlikdən verilən məlumata görə, özünüməşğulluq proqramının əhatə dairəsinin genişləndirilməsi təlimçilərə olan tələbatı da artırıb. Bununla əlaqədar növbəti proqram yeni peşəkar təlimçilərin hazırlanmasına xidmət edir.

Proqram çərçivəsində ilk təlim Gəncə şəhərinin Kəpəz rayon Məşğulluq Mərkəzində təşkil olunub. BƏT-in “Öz biznesinə başla və təkmilləşdir” proqramı əsasında keçirilən təlimdə Gəncə şəhəri də daxil olmaqla 13 şəhər və rayondan olan təlimçilər iştirak edirlər. Onlara BƏT-in baş təlimçisi tərəfindən təlimçilik bacarıqları və biznes planın hazırlanması metodikası tədris olunur. Növbəti həftədən etibarən təlimçilərin təlimi proqramı digər şəhər və rayonlarda da davam etdiriləcək.

Qeyd edək ki, son iki ildə BƏT ilə əməkdaşlıq çərçivəsində 142 təlimçi hazırlanıb və hazırda onlardan 75 nəfəri proqram iştirakçılarına zəruri bilik və bacarıqlar tədris edir.