Azərbaycan Sahibkarlar Konfederasiyası ilə Azərbaycan Tikinti Materialları İstehsalçıları Assosiasiyası arasında səmərəli əməkdaşlığın qurulması, yerli istehsalın təşviqi və ölkədə biznes mühitinin inkişafına töhfə verilməsi məqsədilə Anlaşma Memorandumu imzalanıb. Bu tərəfdaşlıq tikinti materialları sənayesinin rəqabət qabiliyyətinin yüksəldilməsi və sahibkarlıq subyektlərinin dəstəklənməsi baxımından mühüm əhəmiyyət kəsb edir.
Sənədə əsasən, əməkdaşlığın prioritet istiqamətlərinə “Made in Azerbaijan” brendinin dəstəklənməsi, dövlət-özəl sektor dialoqunun dərinləşdirilməsi və müvafiq qanunvericilik bazasının təkmilləşdirilməsi üzrə birgə təşəbbüslərin reallaşdırılması daxildir. Həmçinin tərəflər sənaye üzrə birgə forumlar, konfranslar, sərgilər, biznes görüşləri, təlim və seminarların təşkilini nəzərdə tuturlar.
Qarşılıqlı etimad, şəffaflıq və bərabərhüquqlu tərəfdaşlıq prinsiplərinə əsaslanan memorandum çərçivəsində müəyyən edilmiş hədəflərə çatmaq üçün xüsusi fəaliyyət planlarının hazırlanması və işçi qruplarının yaradılması planlaşdırılır.