Azərbaycan Mərkəzi Bankında (AMB) “Standard Chartered” Bankının Borc kapital bazarları üzrə icraçı direktoru Jojo Ounun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş keçirilib.
AMB-nin məlumatına görə, görüşdə qlobal maliyyə bazarlarında makroiqtisadi mühit və tendensiyalar, valyuta ehtiyatlarının idarə edilməsi üzrə aktual meyillər, eləcə də suveren istiqraz və pul bazarının cari dinamikası müzakirə edilib.
Müzakirələrdə əsas diqqət Azərbaycanın maliyyə bazarlarının beynəlxalq maliyyə sisteminə inteqrasiyasının təşviqinə və bu istiqamətdə “Standard Chartered” Bankının qlobal şəbəkəsinin yarada biləcəyi imkanlara yönəldilib. Eyni zamanda tərəflər təşkilatlar arasında əməkdaşlıq perspektivləri, qarşılıqlı maraq doğuran təşəbbüslər, habelə bilik və təcrübə mübadiləsi məsələləri ətrafında fikir mübadiləsi aparıblar.