Azərbaycan ilə İtaliya arasında neft-kimya sahəsində əməkdaşlığın genişləndirilməsi müzakirə olunub

2026.09.29 11:09 (UTC+04:00)

Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövşən Nəcəf “MAIRE Group”un baş icraçı direktoru Alessandro Bernini ilə görüşüb.

Görüşdə Azərbaycan ilə İtaliya arasında enerji sektorunda əlaqələrin dinamik inkişaf etdiyi bildirilib. SOCAR-ın İtaliyadakı fəaliyyətinin, o cümlədən “Italiana Petroli” şirkətinin səhmlərinin alınmasının ölkələrimiz arasındakı uğurlu əməkdaşlığın təzahürü olduğu vurğulanıb.

Söhbət zamanı SOCAR ilə MAIRE şirkəti arasında ötən illər ərzində neft emalı və neft-kimya sənayesində formalaşmış səmərəli tərəfdaşlıqdan məmnunluq ifadə olunub.

Tərəflər neft-kimya sahəsində əməkdaşlığın genişləndirilməsi perspektivlərini, eləcə də qarşılıqlı maraq doğuran istiqamətlər üzrə yeni birgə layihələrin həyata keçirilməsi imkanlarını müzakirə ediblər.