Vergi Məcəlləsinin 85.5-ci maddəsinə əsasən, vergi ödəyicisi artıq ödənilmiş vergilər, faizlər və maliyyə sanksiyasının geri qaytarılmasını 5 il ərzində tələb etmək hüququna malikdir.
Bunun üçün vergi ödəyicisi Nazirlər Kabinetinin 16 iyul 2019-cu il tarixli 313 nömrəli Qərarı ilə təsdiq edilmiş ərizə forması ilə müraciət etməlidir.
Artıq ödəmənin yaranma səbəbləri
- Bəyannamə dəqiqləşmələri: Dəqiqləşdirilmiş bəyannamə təqdim edildikdə vergi öhdəliyinin azalması.
- Səhv ödənişlər: Ödəniş tapşırığında rekvizitlərin və ya məbləğin yanlış göstərilməsi.
- Məhkəmə qərarları: Hesablanmış sanksiyaların və ya faizlərin məhkəmə qaydasında ləğv edilməsi.
- Cari vergi ödəmələri: İl ərzində ödənilən cari vergi məbləğlərinin ilin sonunda hesablanan yekun vergidən çox olması.
Artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyalarının qalan məbləğləri vergi ödəyicisinin yazılı ərizəsinə əsasən 45 gün ərzində vergi ödəyicisinə qaytarılır. Vergi Məcəlləsinin 179.1-ci maddəsi ilə müəyyən edilən halda həmin vəsaitlər 20 gün, 179.2-ci maddəsi ilə müəyyən edilən halda isə 4 ay ərzində qaytarılır.
Rekvizitlərin səhv göstərilməsi və ya ödəniş əməliyyatlarının səhv icra olunması nəticəsində səhv ödənilmiş məbləğlər vergi ödəyicisinin borcu olmadığı halda Vergi Məcəlləsinin 87.5-cü maddəsinə müvafiq olaraq 20 gün ərzində (məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqlarına münasibətdə 45 gün ərzində) qaytarılır.
Məcəllənin 87.1-ci maddəsinə əsasən, artıq ödəmələr digər vergilərin, faizlərin, maliyyə sanksiyalarının və inzibati cərimələr üzrə borcların ödənilməsi hesabına və vergi ödəyicisinin razılığı ilə sonrakı öhdəliklər üzrə ödəmələrin hesabına aid edilə bilər.
Misal 1: Borc olmadığı halda:
“AA” MMC il ərzində 39.000 manat məbləğində mənfəət vergisi üzrə cari vergi ödənişləri edib. İlin sonunda təqdim edilən mənfəət vergisi bəyannaməsinə əsasən, şirkətin faktiki mənfəət vergisi öhdəliyi 27.000 manat təşkil edib. Şəxsi hesab vərəqəsində mənfəət vergisi üzrə 12.000 manat artıq ödənilmiş məbləğ formalaşır. Vergi Məcəlləsinin 85-ci maddəsinə əsasən, vergi orqanı ilk növbədə hüquqi şəxsin başqa vergi növləri üzrə borcunun olub-olmadığını yoxlayır. Əgər borc yoxdursa, tam məbləğ olaraq rəsmi cari bank hesabına köçürülür.
Borc olduğu halda:
Yuxarıda göstərilən şərtlərlə “AA” MMC-nin əlavə dəyər vergisi (ƏDV) üzrə 2.450 manat ödənilməmiş borcu və 180 manat maliyyə sanksiyası var (Cəmi: 2.630 manat). Bu zaman 9.370 manat MMC-nin rəsmi cari bank hesabına köçürülür:
12.000 – 2.630 = 9.370 manat.
Misal 2: Vergi ödəyicisi 380 manat vergi ödəməli olduğu halda, texniki səhv edərək 3.800 manat ödəyib. Bu zaman geri qaytarma 20 gün ərzində reallaşacaq. Məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqlarına münasibətdə bu müddət 45 gün nəzərdə tutulub.
Vergi Məcəlləsinin179.1-ci maddəsinə əsasən, hesabat dövründə vergi tutulan dövriyyəsinin azı 50 faizi sıfır dərəcə ilə vergiyə cəlb olunan vergi ödəyicisinə, hesabat dövründə əvəzləşdirilən vergi məbləğinin hesablanmış vergidən artıq olan hissəsi onun vergi və ya gömrük orqanlarına ərizəsini verdiyi vaxtdan 20 gün ərzində qaytarılır.
Məcəllənin 179.2-ci maddəsində göstərilir ki, digər vergi ödəyiciləri üçün – əvəzləşdirilən vergi məbləğinin hesabat dövrü ərzində hesablanmış vergi məbləğindən artıq olan hissəsi vergi ödəyicisinin vergi və gömrük orqanlarına elektron formada ərizəsini verdiyi vaxtdan 4 aydan gec olmayaraq qaytarılır.
Misal 3: Vergi ödəyicisinin mart ayı üzrə əvəzləşən ƏDV məbləği 78.000 manat (göstərdiyi xidmətlər 18 faiz dərəcə ilə cəlb olunan əməliyyatlardır) hesablanıb. ƏDV məbləği isə 43.000 manatdır. Bu halda artıq qalan 35.000 manat vergi ödəyicisinin vergi və gömrük orqanlarına ərizə verdiyi vaxtdan 4 aydan gec olmayaraq geri qaytarılacaq:
78.000 – 43.000 = 35.000 manat.
Misal 4. Spirtli içki istehsalı ilə məşğul olan "X" MMC məhsullarını markalamaq üçün öncədən büdcəyə 40.000 manat aksiz vergisi ödəyərək müvafiq sayda məcburi nişan alır. Bir neçə ay sonra təsisçilərin qərarı ilə şirkətin ləğv olunması prosesinə başlanılır. Ləğv prosesində aparılan inventarizasiya zamanı müəyyən edilir ki, ödənilmiş 40.000 manatdan 25.000 manatlıq nişan məhsula vurularaq aktivləşdirilib, 15.000 manatlıq məcburi nişan isə istifadə olunmayıb və aktivləşdirilməyib.
Şirkət ləğv olunduğu üçün istifadə edilməmiş 15.000 manatlıq aksiz məbləği (şirkətin digər vergilər üzrə borcu yoxdursa) Vergi Məcəlləsinin 87.3-cü maddəsinə uyğun olaraq, 45 gün ərzində vergi ödəyicisinin bank hesabına qaytarılır.
Misal 5. “İstehsal” MMC (ad şərtidir) 2026-cı ilin fevral ayında spirtli içki istehsalı üçün xammal (spirt) idxal edir və idxal zamanı 2026-cı ilin aksiz dərəcələri ilə gömrükdə 50.000 manat aksiz vergisi ödəyir. Şirkət fevral ayı ərzində həmin xammaldan istifadə edərək hazırladığı içkilərin bir hissəsini yerli bazarda satır və satılan hazır məhsula görə cəmi 30.000 manat aksiz vergisi hesablayır.
Xammala görə ödənilən aksiz: 50.000 manat;
Satış üzrə hesablanan aksiz: 30.000 manat;
Fərq (əvəzləşdirilməyən qalıq): 50.000 – 30.000 = 20.000 manat.
Xammal üçün ödənilmiş aksiz hesablanmış aksizdən 20.000 manat çox olduğu üçün Vergi Məcəlləsinin 189-cu və 87.3-cü maddələrinə əsasən:
1. Yaranan 20.000 manat artıq ödənilmiş aksiz məbləği ilk növbədə şirkətin digər vergi borclarının silinməsinə yönəldilir;
2. Şirkətin başqa vergi borcu yoxdursa, ərizəyə əsasən həmin 20.000 manat 45 gün ərzində “İstehsal” MMC-nin bank hesabına nağdsız qaydada geri qaytarılır.
Misal 6. “DD” MMC təkrar ixrac məqsədilə tütün məhsulları idxal edir, buna görə 18.000 manat aksiz vergisi tutulub. Müəssisə bu məhsulların 40%-ni olduğu kimi xarici ölkəyə ixrac edib. Vergi Məcəlləsinin 193-cü maddəsinə əsasən, həmin verginin qalan 7.200 manatı 15 gün ərzindı şirkətə geri qaytarılmalıdır:
18.000 x 40% = 7.200 manat.
Nəticə etibarilə artıq ödənilmiş vergi və sanksiyalar vergi ödəyicisinin batmış vəsaiti deyil, qanunla qorunan aktividir. Həm VÖEN-lə çalışan fiziki şəxslər, həm də hüquqi şəxslər bu vəsaitləri digər vergi borclarının silinməsinə yönəldə və ya nağdsız qaydada bank hesablarına geri tələb edə bilərlər.