Almaniya vətəndaşları yeni ili vergi güzəşti ilə qarşıladılar

2019.01.09 15:05 (UTC+04:00)

Bu ildən işləyənlər illik qazanclarının 9.168 avroluq hissəsindən vergi ödəməyəcəklər. Bu məbləğ indiyə qədər 9 min avro təşkil edirdi. Uşaqlar üçün vergidən azad olan illik məbləğ isə 200 avro artırılaraq 7620 avroya çatdırılmışdır. Belə bir addımın atılması nəticəsində 2019-cu ildə əməkhaqqından tutulan vergi daxilolmaları 9,8 milyard avro həcmində azalmış olacaq.

2019-cu ildə işləyən və pensiya alan əhali səhiyyə hesablarına daha az vəsait ödəyəcək. Ölkə üzrə 56 milyon sığortalı şəxs səhiyyə hesablarına keçən illə müqayisədə ümumilikdə 6,9 milyard avro az vəsait qoyacaq. Yeni qüvvəyə minmiş qanuna əsasən, işləyənlərdən işsizlik sığortası üçün tutulan vəsait əməkhaqqının 3 faizindən 2,5 faizinə endirilmişdir. Hər bir işləyən şəxs isə yaşından, təhsilindən və peşəsindən asılı olmayaraq, rəqəmsal sahədə təhsil almağı tələb edə biləcək. Başqa sözlə, rəqəmsal sahədə özünü inkişaf etdirmək istəyən hər bir şəxsin kursa getmək hüququ olacaq. Bu hüquq işsizlik üçün vəsait alanlara da aiddir.

Yeni qanuna əsasən, bir saata görə minimum əməkhaqqı 8,84 avrodan 9,19 avroya qaldırılmışdır. 2020-ci ildən isə bu rəqəmin 9,35 avroya çatdırılacağı gözlənilir.