Azərbaycan və Türkmənistan arasında enerji sahəsində əməkdaşlıq perspektivləri müzakirə edilib

2026.09.25 09:49 (UTC+04:00)

Türkmənistanın Nazirlər Kabineti sədrinin müavini Quvanç Ağacanov və Azərbaycanın bu ölkədəki səfiri Qismət Gözəlov energetika sahəsində ikitərəfli əməkdaşlıq perspektivlərini müzakirə ediblər.

Türkmənistan mətbuatının yaydığı məlumata əsasən, görüş zamanı tərəflər Türkmənistan-Azərbaycan münasibətlərinin inkişafında yüksək səviyyəli təmasların mühüm rol oynadığını vurğulayıblar. Əsas diqqət iqtisadi və enerji əlaqələrinin, xüsusilə də neft-qaz sektorundakı qarşılıqlı fəaliyyətin mövcud vəziyyətinə və gələcək istiqamətlərinə yönəldilib. İkitərəfli münasibətlərin və energetika sahəsindəki tərəfdaşlığın inkişafında birgə hökumətlərarası komissiyanın müstəsna rolu qeyd olunub.

Hər iki ölkənin zəngin resurs potensialına əsaslanaraq, görüş iştirakçıları əməkdaşlığın daha da genişləndirilməsi üçün əlverişli imkanların olduğunu bildiriblər. Yekunda tərəflər strateji tərəfdaşlığı inkişaf etdirmək və enerji sahəsində praktiki əlaqələri artırmaq niyyətlərini bir daha təsdiqləyiblər.