Azərbaycan Turizm Bürosu 18-23 sentyabr tarixlərində 3 yerli turizm sənayesi tərəfdaşı ilə birgə Cənub-Şərqi Asiyada keçirilən silsilə tədbirlər çərçivəsində ölkəmizin turizm potensialını təqdim edib.
Tədbirlər İndoneziyanın paytaxtı Cakartada, Malayziyanın paytaxtı Kuala-Lumpurda və Sinqapurda keçirilib. Görüşlərdə işgüzar turizm (MICE) agentlikləri, turoperatorlar və aviaşirkətlər də daxil olmaqla ümumilikdə 220 turizm sənayesi nümayəndəsi iştirak edib.
Tədbirlər çərçivəsində Azərbaycan Ümrə səfərləri ilə birləşdirilə bilən turizm istiqaməti kimi təbliğ olunub. İştirakçılara Azərbaycanın zəngin mədəni irsi, təbii turizm imkanları və müasir turizm infrastrukturu barədə məlumat verilib.
Cakarta və Kuala-Lumpurda keçirilən tədbirlərdə müvafiq olaraq Azərbaycan Respublikasının İndoneziyadakı fövqəladə və səlahiyyətli səfiri Ramil Rzayev və Azərbaycan Respublikasının Malayziyadakı fövqəladə və səlahiyyətli səfiri Xəzər Fərhadov iştirak ediblər.
Silsilə tədbirlər çərçivəsində keçirilən işgüzar görüşlərdə əməkdaşlıq imkanları müzakirə olunub, yeni işgüzar əlaqələrin qurulması və mövcud əlaqələrin genişləndirilməsi istiqamətində fikir mübadiləsi aparılıb.