"Sərbəst satış sertifikatı" rəqəmsal logistika platformasına inteqrasiya edilib

2026.09.23 15:40 (UTC+04:00)

“Azexport” tərəfindən sahibkarlara təqdim olunan "Sərbəst satış sertifikatı" (Certificate of Free Sale) tam elektronlaşdırılaraq rəqəmsal logistika platformasına (https://dlp.gov.az/auth/login) inteqrasiya edilib.
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin məlumatına görə, bu, xidmətdən istifadəni sahibkarlar üçün daha çevik və şəffaf edir. Proses çərçivəsində sənədlərin qəbulu tam elektronlaşdırılıb: sahibkarlar müraciətləri interaktiv qaydada doldurur və zəruri faylları birbaşa sistemə yükləyirlər. QR kod və müraciət nömrəsi kimi identikləşdirmə rekvizitləri ilə təmin olunan elektron sistem sahibkarlara öz şəxsi kabinetləri vasitəsilə müraciətin icra statusunu tam izləməyə imkan verir. Nəticədə, sahibkarlar heç bir fiziki təmasa ehtiyac qalmadan, hazır sertifikatı platformadan PDF formatında birbaşa yükləyə bilirlər.

Qeyd edək ki, “Sərbəst satış sertifikatı” Azərbaycanın qeyri-neft sektoru üzrə ixrac imkanlarının genişləndirilməsində mühüm rol oynayır. 2018-ci ildən etibarən əsasən insan orqanizmi ilə təmasda olan tibbi avadanlıqlar, qida məhsulları və dərman vasitələri daxil olmaqla, 700-dən artıq adda məhsula bu sənəd təqdim edilib. Bu sertifikat yerli məhsulların əvvəllər ixracında çətinlik olan Körfəz, Asiya və Amerika ölkələri kimi strateji bazarlara çıxışını asanlaşdırıb.