Özəlləşdirmə və icarədən dövlət büdcəsinə 152,5 milyon manat vəsait ödənilib

2026.09.23 15:07 (UTC+04:00)

2026-cı ilin yanvar-avqust ayları ərzində İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən 40 hərrac keçirilib.

Dövlət Xidmətinin məlumatına görə, hərraclarda 3 səhmdar cəmiyyətinin səhm paketi, 2 kiçik dövlət müəssisəsi, 1 yarımçıq tikili sahəsi və 695 nəqliyyat vasitəsi özəlləşdirilib. Cari ilin yanvar-avqust ayları ərzində özəlləşdirmədən dövlət büdcəsinə daxilolmalar 114,7 milyon manat təşkil edib.

Bununla yanaşı, cari ilin ilk 8 ayında 363-ü qeyri-yaşayış, 2.590-nı torpaq sahələri üzrə olmaqla 2.953 yeni icarə müqaviləsi bağlanılıb. Hesabat dövrü ərzində daşınmaz dövlət əmlakının (qeyri-yaşayış və torpaq sahələrinin) icarəsindən dövlət büdcəsinə 37,8 milyon manat vəsaitin ödənilməsi təmin olunub.

Beləliklə, 2026-cı ilin yanvar-avqust ayları ərzində dövlət əmlakının özəlləşdirilməsi və icarəsindən büdcəyə ümumilikdə 152,5 milyon manat vəsait daxil olub.