Beynəlxalq Enerji Agentliyi Azərbaycanın enerji sektorunun inkişafına dəstək verəcək

2019.09.11 11:01 (UTC+04:00)

Beynəlxalq Enerji Agentliyi "Azərbaycan Respublikasının energetika sektorunun uzunmüddətli inkişaf Strategiyası"nın layihəsinin hazırlanmasına dəstək verəcək. Energetika Nazirliyindən bildirilib ki, nazir Pərviz Şahbazov Beynəlxalq Enerji Agentliyinin (IEA) icraçı direktoru Fatih Birol ilə görüşündə qlobal neft bazarında hazırkı vəziyyət, neftin qiymətinə, eləcə də tələb və təklifə təsir edən amillər, neft ölkələrində iqtisadiyyatın şaxələndirilməsi və bərpaolunan enerji mənbələrinin inkişaf etdirilməsi kimi məsələlər ətrafında fikir mübadiləsi aparıb. P.Şahbazov energetika sektorunda islahatlar çərçivəsində görülən tədbirlər barədə ətraflı məlumat verərək, “Azərbaycan Respublikasının energetika sektorunun uzunmüddətli inkişaf Strategiyası”nın layihəsinin hazırlanması istiqamətində Beynəlxalq Enerji Agentliyi ilə intensiv əməkdaşlığın vacibliyini qeyd edib.

F.Birol Azərbaycanın energetika sektorunda yeni çağırışlara uyğun fəaliyyətini təqdir edərək, strategiya layihəsinin hazırlanmasına dəstək verəcəklərini bildirib.