Sentyabrın 22-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə “Azərbaycan Respublikasında 2027-2030-cu illərdə dağ-mədən (metal filizləri) və metallurgiya sənayesinin inkişafına dair Dövlət Proqramı”na həsr olunmuş müşavirə keçirilib.
Dövlətimizin başçısı tədbirdə çıxış edib.
Prezident İlham Əliyev bildirib ki, ölkə iqtisadiyyatı üçün çox perspektivli sahə olan dağ-mədən və metallurgiya sənayesinin inkişafına dair Dövlət Proqramı bu gün təqdim ediləcək: “Proqramın hazırlanması üçün mən bir müddət bundan əvvəl - aprelin əvvəlində müvafiq Sərəncam imzalamışam. Bu aylar ərzində proqram üzərində hazırlıq işləri gedirdi. Bu proqram bu gün bizə və Azərbaycan ictimaiyyətinə təqdim olunacaqdır”.
Dövlət başçısının sözlərinə görə, bu sahə ölkə iqtisadiyyatı üçün, xüsusilə ölkəmizin qeyri-neft sektorunun inkişafı üçün böyük əhəmiyyət daşıyır, çox perspektivli sahədi: “Düzdür, maliyyətutumlu sahədir, amma eyni zamanda, ölkəmizdə yeni, müasir sənaye istiqaməti yaradılacaqdır. Beş mindən çox daimi iş yerlərinin açılması nəzərdə tutulur. Bütövlükdə bizim təbii resurslarımızın işlənməsi və onlardan səmərəli şəkildə istifadə olunması, eyni zamanda, istehsal zəncirinin tam yaradılması ölkə iqtisadiyyatını gücləndirəcək”.
Prezident son vaxtlar bir neçə Dövlət Proqramının qəbul olunduğunu bildirib. Əlavə edib ki, qəbul edilmiş bütün proqramlar çox konkretdir, qısamüddətlidir və son məqsədə çatmaq üçün həm dövlət büdcəsində növbəti illər üçün maliyyə təminatı, həm də investisiya proqramında kifayət qədər vəsait nəzərdə tutulur. Eyni zamanda, bu proqramların icra və nəzarət mexanizmləri də tam hazırdır: “Qəbul edilmiş proqramlar arasında əlbəttə ki, ilk növbədə, üç əsas istiqaməti qeyd edərdim, halbuki daha çox proqram qəbul edilib. Amma kənd təsərrüfatına, nəqliyyata, su təsərrüfatına - həm meliorasiya, həm Bakı və Abşeron yarımadasının su təminatına dair Dövlət proqramları, əlbəttə ki, çox böyük vəsait tələb edir. Amma bu proqramlar həm ölkə iqtisadiyyatını gücləndirəcək, eyni zamanda, vətəndaşların sosial vəziyyətini və müasir infrastrukturla təmin olunmasını təmin edəcəkdir.
Qeyd etdiyim kimi, qəbul edilmiş proqramlar qısamüddətlidir, 2030-cu ilin sonuna qədər icra edilməlidir. Düzdür, su proqramı daha böyük vaxt tələb edir. Amma dağ-mədən və metallurgiya sənayesinin inkişafına dair Proqram da cəmi 4 il ərzində icra edilməlidir. 2027–2030-cu illərdə proqram tam icra edilməlidir. Qəbul ediləcək bu yeni proqram, eyni zamanda, bizim regionların sosial-iqtisadi inkişafına dair gündəliyimizi əks etdirir.
Bildiyiniz kimi, Azərbaycan regionlarının sosial-iqtisadi inkişafına dair bir neçə Dövlət Proqramı qəbul edilmişdir. Birinci Proqram 2004-cü ilin əvvəlində qəbul edilmişdir. Əslində, bu, 2003-cü ildə keçirilmiş prezident seçkilərindən sonra qəbul edilmiş ən önəmli proqramdır. Ondan sonra bir neçə beşillik proqram qəbul edilib və faktiki olaraq regionlarda əsas infrastruktur layihələri icra edilib. Düzdür, bu layihələrin icrası bu gün də davam edir. Çünki əhali artır, məşğulluq artır, iqtisadiyyat artır. Ona görə bu proqramlar statik vəziyyətdə deyil, daim o proqramlara əlavələr edilməlidir və bu gün dövlət investisiya proqramlarında, hər il qəbul etdiyimiz proqramlarda bölgələrin inkişafı xüsusi yer tutur”.
Prezident İlham Əliyevin sözlərinə görə, 20 il ərzində görülmüş işlər imkan verdi ki, biz əsas infrastruktur layihələrimizi icra etdik: “O vaxt xaricdən həm təbii qaz, həm də elektrik enerjisi alırdıq. Bizim öz imkanlarımız çox məhdud idi. Bu gün isə ölkəmizdə qazlaşmanın səviyyəsi 96 faizdir və biz 25 milyard kubmetrdən çox qaz ixrac edirik. Daxili tələbat bundan qat-qat aşağıdır. Biz elektrik enerjisi ilə bağlı bütün məsələləri həll etdik və çox güclü potensial yaratdıq. Bu gün bizdə ehtiyat generasiya gücləri kifayət qədər böyükdür. Müəyyən həcmdə ixrac da edilir, amma növbəti illərdə bu ixrac genişmiqyaslı olacaq, xüsusilə nəzərə alsaq ki, dünya bazarlarında enerji resursları ilə bağlı – elektrik enerjisi, yanacaq, təbii qaz, bütün bu əsas enerji təhlükəsizliyini təmin edən bu məhsullarla bağlı böyük narahatlıq var, qıtlıq var. Yəni dünya mənzərəsi göz önündədir. Ona görə bütün bu işlərin vaxtında görülməsi ilə bağlı atdığımız addımlar bizi böyük problemlərdən sığortaladı. Təsəvvür edin ki, əgər bunları etməsəydik, bu gün biz çox çətin vəziyyətə düşə bilərdik və bəzi ölkələr kimi qapı-qapı gəzib xahiş-minnət edərək öz enerji təhlükəsizliyimizi təmin etmək üçün gərək kiməsə ağız açaydıq.
Bu gün isə mənzərə tam fərqlidir. Bizə çoxlu müraciətlər daxil olur və biz təbii ki, imkan daxilində kömək göstəririk, göstərəcəyik. Təbii ki, bizim həm rolumuz artır, həm nüfuzumuz artır və eyni zamanda, bütün tərəfdaşlar görürlər ki, Azərbaycan son illər ərzində nə qədər irəliyə gedib, nə qədər güclənib ki, bu gün nəinki öz tələbatını tam təmin edir, eyni zamanda, bir çox ölkələr üçün enerji sahəsində əvəzolunmaz tərəfdaşa çevrilib”.
Dövlət başçısı qeyd edib ki, digər infrastruktur layihələri də uğurla icra edilib və edilir, o cümlədən sosial infrastrukturla bağlı layihələr – xəstəxana tikintisi, məktəb tikintisi, avtomobil yolları, dəmir yolları, hava limanları. Ona görə qeyri-neft sektorunun inkişafını, o cümlədən bu infrastruktur layihələri şərtləndirir. Təbii ki, maliyyə sistemimizdə aparılan islahatlar, o cümlədən vergi və gömrük sistemində aparılan islahatlar, inzibatçılıqla bağlı bürokratik əngəllərin azaldılması və ləğv edilməsi ilə bağlı atılan addımlar, əlbəttə, belə bir müsbət mənzərə yaradıb: “Əgər ölkə iqtisadiyyatının ümumi inkişafına baxsaq görərik ki, artım templəri çox da böyük deyil. Bunun təbii səbəbləri var, ilk növbədə, təbii neft hasilatının aşağı düşməsi. Bizim əsas neft yatağımız “Azəri-Çıraq-Günəşli” artıq 30 ilə yaxındır istismardadır və təbii ki, obyektiv səbəblərə görə hasilatın düşmə templəri də var. Çalışırıq ki, bu templəri sabitləşdirək. Eyni zamanda, əminəm ki, yeni layihələr bundan sonra da Azərbaycanda neft hasilatını lazımi səviyyədə saxlayacaq və ümid edirəm, hətta artım da olacaq. Ancaq bu gün bizim ümumi iqtisadi inkişafımızın, ümumi daxili məhsulumuzun 1,2 faiz artmasının səbəbi budur. Bu, bizi narahat etməməlidir, çünki bundan daha vacib göstərici qeyri-neft sektorunun inkişafıdır. Burada da son 8 ayda, yəni bu ilin 8 ayında 5,4 faiz artım olmuşdur.
Yəni qeyri-neft sənayesi sahəsində biz yaxşı nəticələr göstəririk və o cümlədən qəbul edilmiş proqramlar bu artımı daimi və uzunmüddətli edəcək.
Əfsuslar olsun ki, Azərbaycanda dağ-mədən sənayesi həm obyektiv, həm subyektiv səbəblərə görə lazımi səviyyədə inkişaf etməyib. Obyektiv səbəblər ondan ibarətdir ki, sovet vaxtında aşkar edilmiş bizim bir çox yataqlarımız işğal altında olan bölgələrdə yerləşirdi və Ermənistan dövləti öz işğalçılıq siyasətini, o cümlədən Azərbaycan xalqının və dövlətinin təbii resurslarını talamaqda da davam etdirirdi. Təkcə onu demək kifayətdir ki, işğal dövründə Kəlbəcər, Laçın və Zəngilan rayonlarında 60 min hektar meşə fondu Ermənistan dövləti tərəfindən məhv edilib, talan edilib, kəsilib, satılıb və artıq İkinci Qarabağ müharibəsindən sonra yandırılıb, o müddətdə ki, erməni silahlı qüvvələri Kəlbəcər və Laçın rayonlarından çıxmalı idi, orada onlara 2-3 həftə vaxt verilmişdi. Hamının yaxşı xatirindədir, onlar həm ağacları məhv edirdilər, həm də santexnikanı yaddan çıxarmayıblar. Görünür, onlar üçün ən qiymətli iki məsələ var idi: biri Azərbaycan təbiətini tamamilə məhv etmək, ikinci də ən qiymətli santexnika cihazlarını özləri ilə aparmaq. O işğal dövrünün onlar üçün əsas yadigarı yəqin ki, odur.
O cümlədən bizim təbii resurslarımız - qızıl, mis, molibden yataqlarımız talan edilirdi. Təbii ki, işğal dövründə Ermənistan dövləti ancaq talançılıqla məşğul idi. Sovet vaxtında isə müəyyən dərəcədə kəşfiyyat işləri aparılmışdır. Amma o vaxt sovet hökuməti üçün bu bölgə, xüsusilə Azərbaycan bu sahə üzrə prioritet sayılmırdı. Prioritet neft sənayesi sayılırdı. Ona görə bizim bir çox yataqlarımız, yəni perspektivli yataqlarımız bu gün hələ də öz geoloji kəşfiyyat dövrünü gözləyir. Bunun, əlbəttə ki, bu tərəfi müsbətdir. Çünki bu ehtiyatlar bu gün yerin altındadır. Biz bu məsələlərin həlli üçün Dövlət Proqramında çox konkret mexanizmlər tətbiq edəcəyik. Birinci növbədə, işğaldan azad edilmiş ərazilərdə istismarda olan yataqların tezliklə işə salınması məsələləridir. Bunlar, ilk növbədə, Kəlbəcər, Ağdərə və Zəngilan rayonlarında yerləşən qızıl, mis, molibden yataqlarıdır. Ağdərə rayonunda artıq işlərə başlanılmışdır. Ümid edirəm ki, yaxın gələcəkdə həm Kəlbəcərdə, həm Zəngilanda da işlərə start veriləcək və beləliklə, mövcud olan, yəni aşkar edilmiş yataqlarda istismar artıq başlanılacaq.
Eyni zamanda, mövcud yataqları biz tam təhlil edib müasir geoloji üsullarla oradakı ehtiyatları tam dəqiqləşdirməliyik. Çünki sovet dövründə müəyyən rəqəmlər var idi. Amma o dövrdən təxminən 40 il keçib. Həm məlumatlar köhnəlib, həm də bu gün yeni texnologiyalar var ki, heç o vaxt sovet dövründə bu haqda heç kim fikirləşə də bilməzdi.
İkinci istiqamət. Nəzərə alsaq ki, bu bölgədə böyük təbii resurslar var. Ehtimal ki, dediyim o rayonların digər bölgələrində, həm qonşu rayonlarda da böyük təbii resurslar var. Bu məqsədlə kəşfiyyat işləri, geoloji kəşfiyyat işləri aparılacaq. Artıq buna da start verildi. Yenə də deyirəm, ən müasir texnologiyalar var. Yəqin ki, bu gün bu barədə bizə məlumat veriləcəkdir.
Digər perspektivli bölgə Naxçıvan Muxtar Respublikasıdır. Orada da vaxtilə, - sovet dövrünü nəzərdə tuturam, - və son dövrlərdə geoloji kəşfiyyat işləri lazımi səviyyədə aparılmamışdır. Ona görə orada da böyük yataqların mövcudluğu ehtimalı çox yüksəkdir. Naxçıvan Muxtar Respublikasında geoloji kəşfiyyat işləri artıq yəqin ki, gələn ildən başlayacaq.
Onu da bildirməliyəm ki, biz işimizi iki istiqamət üzrə qururuq. Birincisi, dövlət xətti ilə. “AzerGold” şirkəti bu məsələləri həll edəcək. İkincisi, özəl sektorun iştirakı ilə. Bu sahə özəl sektor üçün də açıqdır və mövcud olan kontraktlar da icra edilir. Əgər dediyim o xarici tərəfdaşlar tərəfindən aparılan geoloji kəşfiyyat işləri nəticə verərsə, təbii ki, xarici investorlar da iştirak edəcəklər. Biz bunu alqışlayırıq. Çünki bu, yenə də deyirəm, çox maliyyətutumlu sahədir və burada əhəmiyyətli dərəcədə yeni qızıl, mis, molibden yataqları aşkarlanarsa, onda bütün sikl - zənginləşdirmə və emal zənciri yaradılmalıdır. Çünki əgər əhəmiyyətli dərəcədə aşkarlanarsa, bu resursları sadəcə olaraq filiz kimi dünya bazarlarına çıxarmaq səhv olar.
Növbəti istiqamət Avropa qitəsində ən perspektivli yataqlardan biri sayılan Balakən rayonunda yerləşən “Filizçay” polimetal yatağıdır. Bu yataq qeyd etdiyim kimi, çox perspektivlidir və artıq bir neçə ildir ki, “AzerGold” şirkəti bu yatağın istismara hazırlanması ilə bağlı işlər görür. Hesab edirəm ki, tezliklə texniki-iqtisadi əsaslandırma hazır olmalıdır və yekun investisiya qərarı da qəbul edilməlidir. Mən hesab edirəm ki, “AzerGold” bu yatağın 100 faiz səhmdarı olmalıdır. İstismar getdikcə təbii ki, bu yatağın qiyməti də, dəyəri də qalxacaq. Onda biz baxa bilərik. Ola bilər, müəyyən faiz səviyyəsində, - əgər maraq olarsa, mən əminəm ki, olacaq, - xarici investorlar da bu yatağa cəlb oluna bilər.
Bu yaxınlarda Qərb Sənaye Parkının yaradılması ilə bağlı Fərman imzalanıb. Sənaye parkları Azərbaycanda artıq bir çox bölgələrdə, demək olar ki, hər bir bölgədə var, o cümlədən aqroparklar. Sənaye parklarının və aqroparkların fəaliyyəti nəticəsində milyardlarla manat əlavə dəyər yaradıldı, o cümlədən ixrac potensialımız gücləndirildi.
Qərb Sənaye Parkının yaradılmasının əsas məqsədi məhz dağ-mədən sənayesinin inkişafıdır. Çünki “Daşkəsən” filiz yatağının istismarı və ona yaxın olan bölgələrdə digər layihələrin icra edilməsi, əlbəttə ki, məhz Qərb Sənaye Parkının yaradılmasını şərtləndirdi. Burada, ilk növbədə, tezliklə infrastruktur yaradılmalıdır və bu məqsədlə büdcədə lazımi vəsait nəzərdə tutulmalıdır. Dağ-mədən sənayesinin son məhsula qədər tam zənciri yaradılmalıdır. Burada təbii ki, filiz hasilatı və bir neçə zavodun yaradılması nəzərdə tutulur. Zənginləşdirmə, pelet və breketlənmiş dəmir zavodları yaradılmalıdır. Burada, təbii ki, bu filizin daşınması önəmli yer tutur. Ona görə bu daşınmada, yəni tariflərdə güzəştlər edilməlidir ki, iqtisadi cəhətdən səmərəli olsun. Maksimum ekoloji ekspertiza aparılmalıdır və bütün ekoloji normalar gözlənilməlidir. Çünki əsas sərvətimiz hətta yerin altında olan sərvətlər deyil, bizim təbiətimizdir. Ona görə həm təbiətin qorunmasını, həm ekoloji normaların ən yüksək standartlara cavab verməsini, əlbəttə ki, biz xarici tərəfdaşlardan tələb edirik və tələb edəcəyik. Əgər ona əməl etməsələr, onlar cəzalandırılacaq. Təbii ki, dövlət şirkəti olan “AzerGold” bütün ekoloji standartlara cavab verməlidir.
Metallurgiya sənayesinin inkişafına dair. Əlbəttə ki, alüminium istehsalının inkişafı nəzərdə tutulur. Müəyyən xarici tərəfdaşlardan təkliflər olsa da, onların təklifləri reallaşmadı. Çünki biz maksimum çalışırıq ki, ölkə iqtisadiyyatına səmərə verə biləcək mexanizmlər tətbiq edilsin. Ona görə hesab edirəm ki, biz özümüz bu önəmli sənaye istiqamətini inkişaf etdirməliyik və qəbul olunacaq proqram əsasında alüminium istehsalı 100 min tona çatdırılmalıdır. Burada da müddət, dediyim kimi, 2030-cu ilin sonuna qədərdir. Burada da bir neçə zavod yaradılacaq və bu barədə bizə indi məlumat veriləcək”.
Prezident daha bir məsələyə də toxunub: “Bu proqramın maliyyə təminatı bəllidir, bütün müvafiq qurumlarla razılaşdırılıb və biz bu proqramı istənilən halda icra edəcəyik. Amma eyni zamanda, əgər yerli və xarici investorlar maraq göstərsələr, müəyyən faiz səviyyəsində onların iştirakı da mümkündür. Olsa yaxşıdır, olmasa da yaxşıdır. Onsuz da biz bunu edəcəyik. Amma mən hesab edirəm ki, sahə, düzdür, maliyyətutumludur, ancaq gəlirlidir. Xüsusilə bu gün qiymətli metalların dünya bazarlarındakı qiyməti kifayət qədər yüksəkdir və yəqin ki, aşağı-yuxarı bu səviyyədə belə də qalacaq. Ona görə həm maliyyətutumludur, həm də ki, gəlirlidir. Ona görə yerli və xarici investorlara da mesajımız budur ki, qapılar açıqdır. Proqram dərc olunacaq, görüləcək bütün işlər orada sadalanır. Hər kəs tanış ola bilər. Əgər maraq doğursa, onda xarici investorları da biz cəlb edə bilərik. Yekun olaraq bu bizə nə verəcək? Qeyd etdiyim kimi, yeni bir güclü sənaye istiqaməti yaradılacaq. Beş mindən çox, bəlkə də daha çox yeni iş yeri yaradılacaq. İşğaldan azad edilmiş Qarabağın və Şərqi Zəngəzurun inkişafı, orada məşğulluğun artırılması daha sürətlə gedəcək. Ölkə büdcəsinə vergilər şəklində böyük vəsait daxil ediləcək, güclü ixrac potensialı yaradılacaq. İndi bunu demək bəlkə də bir qədər tezdir. Amma gözlənilən illik müsbət maliyyə təsiri bir milyard manatdan daha çox olmalıdır. Yəni son rəqəm demək istəmirəm. Amma bunlar milyardlarla manat səviyyəsində ölçülə biləcək layihələrdir”.
Daha sonra iqtisadiyyat naziri Mikayıl Cabbarov çıxış edib. Nazir Azərbaycan Respublikasında 2027−2030-cu illərdə dağ-mədən (metal filizləri) və metallurgiya sənayesinin inkişafına dair Dövlət Proqramı”nın layihəsini təqdim edib: “Proqramın layihəsinin hazırlanmasına dəstək verən bütün qurumlara - Nazirlər Kabinetinə, nazirliklərə, qurumlara təşəkkürümü bildirirəm.
Proqramın əsas məqsədləri sadədir: bu, daha çox xammal hasil etmək deyil, bu, xammalı ölkə daxilində daha çox emal etmək və daha yüksək əlavə dəyər yaratmaqdır”.
"AzerGold" Qapalı Səhmdar Cəmiyyətinin İdarə Heyətinin sədri Zakir İbrahimov çıxışında Dövlət Proqramı çərçivəsində “AzerGold”un qarşısında qoyulan əsas hədəf və vəzifələr barədə məlumatı təqdim edib.
Sonra müşavirə müzakirələrlə davam etdirilib.
AZƏRTAC