Kompensasiyadan gəlir vergisinin hesablanması qaydası

2019.09.11 10:24 (UTC+04:00)

Vergi Məcəlləsində və “Sosial sığorta haqqında” Qanunda edilmiş son dəyişikliklərdən sonra 2019-cu ilin əvvəlindən işəgötürənləri və işçiləri vacib bir məsələ - istifadə olunmamış məzuniyyətə görə ödənilən kompensasiyadan gəlir vergisinin hesablanması qaydaları maraqlandırır.

Vergilər Nazirliyinin bu məsələ ilə bağlı açıqlamasında deyilir ki, kompensasiyalar ödənilərkən tam iş illərinin kompensasiya haqları ayrı-ayrılıqda, o cümlədən cari iş ilinə görə istifadə olunmamış məzuniyyətə görə ödənilən kompensasiya haqqı ödəniş aparılan ayın əməkhaqqına əlavə edilmədən ayrılıqda fiziki şəxslərin gəlir vergisinə və məcburi dövlət sosial sığorta haqlarına cəlb edilir. Əvvəlki illərdə istifadə olunmamış məzuniyyətə görə hər il üzrə ayrılıqda hesablanan kompensasiya haqları 1 yanvar 2019-cu ildən ödənildiyi halda, gəlir vergisi və sosial sığorta haqları 1 yanvar 2019-cu il tarixdən qüvvədə olan dərəcələrlə hesablanır. Eyni zamanda, gəlir vergisinin məqsədləri üçün hər il üzrə ayrılıqda hesablanmış kompensasiya haqlarından Vergi Məcəlləsinin 102.1.6-cı maddəsi ilə müəyyən edilmiş 200 manat çıxılır.

Bu qaydanı iqtisadçı ekspert Anar Bayramov konkret misallar əsasında izah edib.

Misal 1: Tutaq ki, dövlət orqanı hesab edilən qurumun işçisinin işdən çıxması ilə əlaqədar ona istifadə olunmamış məzuniyyətə görə kompensasiya hesablanmalıdır. Qeyd edək ki, istifadə edilməmiş məzuniyyətə görə kompensasiyanın hesablanması qaydası ilə məzuniyyətin hesablanması qaydası eynidir. Hesab edək ki, işçinin cari aya hesablanmış əməkhaqqı 500 manat, kompensasiyası sonuncu başa çatmayan iş ili üzrə 250 manat, başa çatan iş ilinə görə isə 220 manatdır. Gəlir vergisi 500 manatlıq əməkhaqqı üzrə hesablanır. Cari iş ilinə görə hesablanan kompensasiya məbləği ilə 250 manat üzrə icbari ödənişlər hesablanır. Həmçinin başa çatan il üzrə kompensasiya (220 manat) ayrı gəlir vergisinə cəlb olunmalıdır.

Vergi Məcəlləsinin 102.1.6-cı maddəsi ilə müəyyən edilmiş 200 manatın çıxılması da hər bir məbləğ üzrə ayrıca tətbiq olunur. Misalımıza uyğun olaraq cari ayın əməkhaqqı üzrə gəlir vergisi 42 ((500-200)x14 faiz), cari ilə görə hesablanan kompensasiyaya görə gəlir vergisi 7((250-200)x14 faiz), başa çatan il üzrə isə 2,80 ((220-200)x 14 faiz) təşkil edəcək.

Sosial ayırmalara gəlincə, dövlət və (və ya) neft-qaz sahəsində fəaliyyəti olanlara aid edilən vergi ödəyiciləri üçün məbləğdən asılı olmayaraq işçi və əməkhaqqı fondundan müvafiq olaraq 3 və 22 faiz hesablanmalıdır.

Misal 2: Fərz edək ki, eyni hal özəl təşkilatda baş verib. Bu zaman yenə də əməkhaqqı, cari işin və əvvəlki iş ilin istifadə edilməyən məzuniyyətinə hesablanan kompensasiyalar 8.000 manatdan aşağı olduğu üçün gəlir vergisinə cəlb edilmir. Məbləğ 8.000 manatdan yüksək olduğu halda, hər bir əməkhaqqı üzrə 8.000 manatlıq güzəşt tətbiq olunmaqla həyata keçirilir. Təbii ki, kompensasiya məbləği 8.000 manatdan yuxarı olduqda 200 manat güzəşt tətbiq olunmur. Çünki vergi qanunvericiliyinə əsasən, 200 manatlıq güzəşt 2.500 manat əməkhaqqına qədər olan məbləğlərə tətbiq olunur.
Sonda qeyd edək ki, İnzibati Xətalar Məcəlləsinin 192.5-ci maddəsinə uyğun olaraq, işçinin istifadə edilməmiş əmək məzuniyyətinə görə müəyyən edilmiş kompensasiyanın ödənilməməsinə görə vəzifəli şəxslər 1.500 manatdan 2.500 manatadək məbləğdə cərimə edilir.

Fəxriyyə İkramqızı