Təbii inhisarlara dövlət nəzarəti çərçivəsində əsas istiqamətlərdən biri istehlakçı hüquqlarının müdafiəsidir AÇIQLAMA

2026.09.21 11:40 (UTC+04:00)

Təbii inhisar istehsalın texnoloji xüsusiyyətlərinə görə rəqabətin mümkün olmadığı, habelə iqtisadi baxımdan əlverişli və ya məqsədəuyğun hesab edilmədiyi şəraitdə dövlət və ya ictimai maraqlar səbəbindən ödənilməsi zəruri olan, lakin istehlakda başqa məhsul ilə əvəz edilə bilməyən məhsula tələbatın təmin edilməsi üçün daha səmərəli olan bazarın vəziyyətidir. Rəqabət Məcəlləsinin 36-cı maddəsində təbii inhisar fəaliyyəti sahələri konkret müəyyən edilib. Təbii inhisarların tənzimlənməsi standart rəqabət mexanizmlərindən fərqlənir. Belə ki, digər bazarlarda rəqabət mühiti təşviq edildiyi halda, təbii inhisarlarda bu yanaşma tətbiq edilmir. Məcəllədəki müvafiq tənzimləmələr təbii inhisar subyektinin bazardakı mövqeyindən istifadə edərək digər bazar iştirakçılarını sıxışdırıb çıxarmasının qarşısını almağa yönəlib.

Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin şöbə müdiri Şəmsi Rzalı bildirib ki, təbii inhisarlara dövlət nəzarəti çərçivəsində əsas istiqamətlərdən birini istehlakçıların hüquqlarının müdafiəsi təşkil edir. Bununla yanaşı, təbii inhisar subyektlərinin müştərilərin məhsul və xidmətlərə olan ehtiyacını tam həcmdə ödəyə bilmədiyi hallarda təminatın minimum səviyyəsinin müəyyənləşdirilməsi və bu göstəricilərə əməl olunmasına nəzarət də dövlət nəzarətinin əsas üsulları sırasındadır.

Nəzarət mexanizmləri çərçivəsində təbii inhisar subyektlərinin müəyyən hərəkətləri həyata keçirməsinə razılıq verilməsi, xidmət göstərilməsi məcburi olan müştərilərin müəyyənləşdirilməsi, həmçinin dövlət yardımlarının rəqabət qanunvericiliyinin tələblərinə uyğunluğunun qiymətləndirilməsi kimi tədbirlər də icra olunur.

Təbii inhisar sahələri üzrə müraciətlərin bölgüsü

Ş.Rzalının sözlərinə əsasən, bəhs edilən tənzimləmələrlə əlaqədar 2026-cı ilin yanvar-iyul aylarında təbii inhisar subyektlərinin fəaliyyəti ilə bağlı ümumilikdə 774 müraciət üzrə icraat aparılıb. Müraciətlərin 221-i təmin edilib və nəticədə, istehlakçılara 6 min manat vəsait geri qaytarılıb. Məlumata görə, müraciətlər əsasən elektrik enerjisi, qaz təchizatı, içməli su, hava və dəmir yolu nəqliyyatı, rabitə və digər təbii inhisar sahələri üzrə daxil olub. Ən çox müraciət elektrik enerjisi xidməti ilə bağlı qeydə alınıb. Bu sahə üzrə 215 müraciət daxil olub. Qaz təchizatı xidməti ilə bağlı müraciətlərin sayı 156, içməli su xidməti üzrə 110, hava yolu nəqliyyatı üzrə 61, dəmir yolu nəqliyyatı üzrə isə 60 təşkil edib. Bundan başqa, rabitə xidməti ilə bağlı 51, istilik enerjisi üzrə 48, kanalizasiya üzrə 11, poçt xidməti üzrə 6, nəqliyyat xidməti üzrə 4 müraciət qeydə alınıb. Digər sahələr üzrə müraciətlərin sayı isə 52 təşkil edib.

Dövlət nəzarəti çərçivəsində icra olunan araşdırmaların nəticələri

Ş.Rzalı qeyd edib ki, 2026-cı ilin ilk 7 ayında təbii inhisar subyektlərinin fəaliyyətinə dövlət nəzarəti çərçivəsində 5 araşdırma aparılıb və 2 iş qaldırılıb. Eyni zamanda, 2025-ci ildə başlanmış 2 araşdırma 2026-cı ildə başa çatdırılıb. Hesabat dövründə təbii inhisar subyektlərinin müəyyən hərəkətləri ilə bağlı razılıq alınması üçün 10 müraciət daxil olub. Onların 60 faizinə razılıq verilib, 40 faizinin araşdırılması isə hazırda davam edir.

Faiq KƏRİMOĞLU