Naxçıvanda sahibkarlar 4,2 milyon manat məbləğində güzəşt əldə ediblər

2026.09.18 12:23 (UTC+04:00)

2026-cı ilin yanvar–avqust aylarında Naxçıvan Muxtar Respublikasında 12 sahibkarlıq subyektinə ümumilikdə 139 təsdiqedici sənəd təqdim edilib.

Muxtar Respublikanın İqtisadiyyat Nazirliyinin məlumatına görə, həmin sənədlərdən 7-si texnika, texnoloji avadanlıqlar və qurğuların idxalı, 132-si isə xammal və materialların idxalı üçün verilib.

Nəticədə cari ilin 8 ayında Rusiya, Çin, Türkiyə, İran, İraq, Gürcüstan, Avstriya, Almaniya, Cənubi Koreya kimi ölkələrdən idxal olunan xammal, material və texnoloji avadanlıqlara görə sahibkarlar əlavə dəyər vergisi və gömrük rüsumları üzrə ümumilikdə 4,2 milyon manat məbləğində güzəşt əldə ediblər.