Qaradağda özəlləşdirilən əmlak kompleksinə investisiya həcmi 27 milyon manata çatdırılacaq

2026.09.18 10:22 (UTC+04:00)

İnvestisiya müsabiqəsi vasitəsilə özəlləşdirilərək yenidən qurulan Qaradağ rayonundakı “Uşaq bezi və salfet kağızı istehsalı üzrə əmlak kompleksi”ndə müsabiqə qalibi “Fabriora” MMC tərəfindən investisiya həcminin 27 milyon manata çatdırılması planlaşdırılır.

Əmlak Məsələləri Dövlət Xidmətinin məlumatına görə, sentyabrın 10-da açılışı olan və 10,9 hektar ərazini əhatə edən bu kompleksdə Almaniya, İtaliya və Türkiyə istehsalı olan müasir texnologiyalar quraşdırılıb. 240 nəfərin daimi işlə təmin olunduğu müəssisə hazırda illik 5,4 milyon paket uşaq bezi, 4,4 milyon paket tualet kağızı, 2,8 milyon paket mətbəx kağızı və 0,9 milyon paket salfet kağızı istehsal gücünə malikdir.

İstehsal edilən məhsullar daxili bazarda idxalı əvəz etməklə yanaşı, Özbəkistan, Gürcüstan, Əfqanıstan və digər ölkələrə ixrac olunur.