Energetika naziri Pərviz Şahbazov ilə Özbəkistanın energetika naziri Şerzod Xocayevin rəhbərlik etdiyi nümayəndə heyəti arasında görüş keçirilib.
Nazirlikdən verilən məlumata görə, görüş çərçivəsində “Azərbaycan Respublikasının Energetika Nazirliyi ilə Özbəkistan Respublikasının Energetika Nazirliyi arasında 2026-2028-ci illər üzrə energetika sahəsində əməkdaşlığın genişləndirilməsinə dair Yol Xəritəsi” imzalanıb.
Sənəddə “Mərkəzi Asiya-Azərbaycan Yaşıl Enerji Dəhlizi” layihəsinin həyata keçirilməsi, neft-qaz sektorunda geoloji-kəşfiyyat və hasilat üzrə əməkdaşlıq, neft və neft məhsullarının tədarükü, emal sahəsində birgə layihələrin inkişafı, SOCAR-ın Özbəkistanda fəaliyyətinin genişləndirilməsi əsas istiqamətlər kimi müəyyənləşdirilib. Yol Xəritəsi, həmçinin enerji səmərəliliyi və istilik energetikası sahələrində təcrübə və bilik mübadiləsinin gücləndirilməsini əhatə edir.